NATO-ya şübhə ilə yanaşan Donald Trampın Ağ Evə qayıtması şanslarının artması fonunda Almaniyada ABŞ-a bağlanmadan ölkənin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi ilə bağlı müzakirələr aktivləşib. Alman siyasətçiləri və ekspertləri bu məsələdə əsas rolu nüvə silahı amilinə verirlər. Müxtəlif ssenarilər təklif olunur. Nisbətən real olan budur ki, nüvə arsenalına malik olan Fransa və Böyük Britaniya ilə təhlükəsizlik təminatları razılaşdırılmalıdır. İkinci variant isə ondan ibarətdir ki, ABŞ-dan min döyüş başlığı almaq və nüvə gücünə çevrilmək olar. Almaniya kansleri Olaf Şolts isə bütün bu söhbətləri mənasız hesab edir.
NATO dövlət və hökumət başçıları alyansın 75-ci ildönümünü qeyd etmək üçün bu yay Vaşinqtonda görüşəcəklər. Yubiley ərəfəsində təşkilata iki yeni ölkə daxil olub. Buna görə də, Alyans iştirakçılarının 75 illiyi yüksək əhval-ruhiyyədə keçirmələri üçün ciddi əsasları var. Bununla belə, sonrakı bəyanatlardan belə qənaətə gəlmək olur ki, hər şey o qədər də rəvan deyil və NATO üçün əsas problem onun Rusiya ilə qarşıdurması yox, alyansın ABŞ-dan güclü asılılığıdır. Məsələ ilə bağlı Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) mütəxəssisi, keçmiş amerikalı diplomat Maks Bergman yazır: “Onilliklər ərzində ABŞ NATO-da mərkəzi yer tutdu, Avropanın müdafiəsinə rəhbərlik etdi və təşkilatı idarə etdi. NATO -nun Ali Baş Komandanı həmişə amerikalıdır və NATO-nun təhlükəsizliyinin əsas təminatı Amerikanın nüvə çəkindirici amilidir. Avropa döyüşəndə Amerika təyyarələrinə, Amerika hərbi nəqliyyatına və kəşfiyyatına güvənir. NATO ölkəsi hücuma məruz qalarsa, Amerika qoşunları döyüş əməliyyatlarına rəhbərlik edəcək”.
Onun sözlərinə görə, NATO-nun mövcudluğunun başlanğıcında, Avropa İkinci Dünya müharibəsindən sonra bərpa olunarkən, ABŞ bu rolu zərurət üzündən oynayırdı. “Ancaq Vaşinqton hər şeyi həll etməyə alışdı və Avropa liderləri əsasən ikinci dərəcəli rol ilə barışdılar. Avropanın ABŞ-dan asılılığı NATO-nun problemi kimi yox, xarakterik xüsusiyyəti kimi qəbul olundu”, - deyə müəllif qeyd edir. Lakin, onun proqnozuna görə, bu, uzun müddət davam edə bilməz: Birləşmiş Ştatlar tədricən Şimali Atlantika Alyansının təhlükəsizliyinin təmin edilməsində daha az əhəmiyyətli rol oynamağa çalışacaq, getdikcə diqqəti yayındıracaq. Bu tendensiya, ekspertin fikrincə, Ağ Evdə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq özünü büruzə verəcək, ancaq eks-prezident Donald Tramp olsa, proseslər sürətlənəcək. “Atlantikanın hər iki tərəfində avropalıların öz təhlükəsizliklərinə görə məsuliyyət daşıması ilə bağlı konsensus yaranıb” – deyə politoloq yazısını yekunlaşdırır.
NATO-ya üzv olan bütün Avropa ölkələrindən bu mövzu ən çox Almaniyada müzakirə olunur. Donald Trampın Ağ Evə qayıtma şansı artdıqca bu müzakirələr də intensivləşib. Belə müzakirələrə sabiq prezident Donald Trampın Cənubi Karolina ştatında keçirilən seçki kampaniyasındakı məşhur çıxışı təkan verib. Xatırladaq ki, fevralın 10-da seçkiqabağı mitinqində Donald Tramp NATO-ya üzv olan ölkələrin hamısının ÜDM-in 2 faizini müdafiəyə xərcləməməsindən şikayətlənmiş və hamını “hesablarını ödəməyə” məcbur edəcəyini vəd etmişdi. Almaniya rəhbərliyi bu sözləri məsuliyyətsizlik adlandırmışdı. Amerika seçkiləri hələ nisbətən uzaqda olsa da və Donald Trampın qalib gəlmək şansları hələ bəlli olmasa da, Berlin Avropa NATO ölkələrinin tezliklə Rusiya ilə “üz-üzə” qalacağına ciddi hazırlaşmağa başlayıb. Belə bir vəziyyətdə öz təhlükəsizliyini necə təmin etmək sualının cavabı Almaniyadakı bəzi siyasətçilərə, ekspertlərə sadə görünür: Avropaya alman çəkindirmə potensialı lazımdır. Başqa sözlə, “Köhnə qitə” nüvə silahına malik olmalıdır.
Son həftələr Almaniyanın bütün əsas siyasi qüvvələrinin nümayəndələri Avropanın özünün tam hüquqlu çəkindirmə potensialına yiyələnməsinin lehinə çıxış ediblər. Avropa Parlamentinin sədr müavini və Almaniyanın hakim Sosial Demokrat Partiyasından (SPD) qarşıdan gələn seçkilərə namizədi Katerina Barli “Der Tagesspiegel” jurnalına müsahibəsində Avropanın ABŞ-ın “nüvə çətiri” tərəfindən etibarlı şəkildə qorunduğuna şübhə ilə yanaşıb: “Donald Trampın son bəyanatlarını nəzərə alsaq, buna artıq etibar etmək olmaz”. Xanım Barli Avropa ölkələrinin öz təhlükəsizliklərini təmin etmək barədə düşünməli olacaqlarını etiraf edib.
Almaniyanın maliyyə naziri Kristian Lindner (Azad Demokratik Partiyası) “Frankfurter Allgemeine Zeitung” üçün köşə yazısında da qeyd edib ki, Donald Trampın bəyanatları Almaniyanı və NATO-nun digər Avropa üzvlərini nüvə sahəsi də daxil olmaqla, ABŞ tərəfindən təmin edilən təhlükəsizlik zəmanətlərinə yeni bir nəzər salmağa təşviq etməlidir. Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişer isə (hazırda hakim koalisiyanın bir hissəsi olan “Yaşıllar” partiyasını təmsil edir) “Die Zeit” qəzetinə müsahibəsində Avropa İttifaqını özünün “çəkindirmə potensialını” əldə etməyə çağırıb: “Rus mentalitetinə bələd olan hər kəs bilir ki, onlar yalnız amerikalıları ciddi qəbul edirlər. Niyə? Çünki onlar “soyuq müharibə”dən bəri buna öyrəşiblər və ABŞ çəkindirməni ciddi qəbul edən nüvə dövlətidir”.
Ancaq Almaniyada heç də hamı ABŞ-dan müstəqil “nüvə çətiri” yaratmaq ideyasını dəstəkləmir. İlk növbədə kansler Olaf Şolts (SPD) buna qarşıdır. Fevral ayında o, "Sueddeutsche Zeitung" qəzetinə demişdi ki, bu müzakirələrin məntiqli olduğunu düşünmür: “Almaniya çoxdan öz nüvə silahlarını inkişaf etdirməmək qərarına gəlib. Eyni zamanda, biz NATO-nun nüvə çəkindirici sisteminə inteqrasiya olunmuşuq. NATO-nun bütün məsul şəxsləri hesab edirlər ki, belə qalsa, daha yaxşı olar”. Keçən həftə Olaf Şolts "Der Tagesspiegel" jurnalına verdiyi müsahibədə eyni fikri təkrarlayıb: “Almaniyanın öz nüvə silahına ehtiyacı yoxdur. Hazırda NATO və transatlantik əməkdaşlığı şübhə altına almaq üçün heç bir əsas yoxdur. NATO-ya isə ABŞ-ın nüvə çətiri daxildir”.
Vətəndaşlar da nüvə silahı məsələsində eyni mövqedən çıxış etmirlər. Fevralın sonunda keçirilən ictimai rəy sorğusunda Almaniya sakinlərinin 57,8 faizi nüvə silahının əldə edilməsinə qarşı çıxıb. Respondentlərin 29,5 faizi Almaniyanın öz nüvə arsenalının olmasının yaxşı olacağını bildirib. Respondentlərin daha 12,8 faizi isə qərarsız qalıb. Onlardan Amerikanın “nüvə çətirini” fransız və ya ingilis çətiri ilə əvəz etmək barədə sual verilməyib.
Hazırladı:
Səbuhi MƏMMƏDOV
XQ