Wall Street Journal (WSJ) yazır ki, iqtisadi problemləri həll etmək üçün Çin daxili tələbatı üstələyən malların istehsalını artırır. Dünya ölkələri Çin idxalının ikinci dalğasını yaşayacaq. Çin məhsullarının son dalğası Qərbdəki bəzi fabriklərin iflasına səbəb olmuşdu.
Dünya iqtisadiyyatı 20 il əvvəl, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində “Çin şokunu” yaşamışdı – Çindən ucuz məhsulların kəskin axını baş vermişdi. İqtisadçılar deyirlər ki, Pekin iqtisadiyyatını canlandırmaq məqsədilə ixracı artırarsa, oxşar vəziyyət tezliklə təkrarlana bilər. Çin fabrikləri artıq daxili istehlak üçün lazım olduğundan daha çox avtomobil, məişət elektronikası və məişət texnikası istehsal edir. Birinci dalğada artan ixrac Çinə inflyasiyanı aşağı səviyyədə saxlamağa kömək etmişdi. İqtisadçılar deflyasiya təsirinin ikinci dəfə daha güclü olacağını gözləyirlər, çünki bu, Çinin mallara olan tələbi ilə kompensasiya olunmayacaq.
İlk “Çin şoku” ABŞ-da malların qiymətlərini aşağı salmışdı, lakin 1999-2011-ci illərdə mebel, oyuncaq və geyim istehsalçıları rəqabətin öhdəsindən gələ bilmədiyi üçün 2 milyondan çox insanın işini itirməsinə səbəb olmuşdu. Aİ ölkələri, ABŞ və Yaponiya vəziyyətin təkrarlanmasını istəməyərək istehsalı dəstəkləmək üçün milyardlar ayırıb, həmçinin Çin mallarına rüsumların artırılması imkanını nəzərdən keçirir.
İqtisadçıların fikrincə, vəziyyətin təkrarlanması daha dağıdıcı təsir göstərəcək, çünki Çin hazırda yüksək texnologiyalı məhsulların istehsalında rəqabət aparır.
2023-cü ildə Çin iqtisadiyyatı 5,2% artıb ki, bu da ölkə standartlarına görə aşağıdır. İqtisadçıların proqnozlarına görə, 2024-cü ildə Çinin iqtisadi artımı 4,5% və ya daha çox azalacaq. Onlar hesab edirlər ki, Çinin “bir əsrlik staqnasiya” gözləyir. Xatırladaq ki, staqnasiya uzun müddət istehsalın və ticarətin durğunluğu ilə xarakterizə olunan iqtisadiyyat vəziyyətidir. Staqnasiya işsizlərin sayının artması, əmək haqqının və əhalinin həyat səviyyəsinin azalması ilə müşayiət olunur.
S.ELAY
XQ