Sadır Japarov: ABŞ-dən yeganə xahişim budur ki, daxili işlərimizə qarışmasın

post-img

Fevralın 12-də Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ dövlət katibi Antoni Blinkenə müraciət edərək onu respublikanın daxili işlərinə qarışmamağa çağırıb. Məlumatı “İzvüstiya.ru” verib. 

“Vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Yeganə xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışılmasın”, – deyə o, məktubunda yazıb və surətini “Facebook” sosial şəbəkəsində dərc edib. 

Japarov Blinkenin Qırğızıstanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı qərəzli məlumat verməsindən təəssüfləndiyini bildirib: “Əslində, qeyri-hökumət, qeyri-kommersiya təşkilatlarının böyük əksəriyyəti ölkəmizdə ləyaqətlə və vicdanla fəaliyyət göstərir. Xarici dövlətlər tərəfindən maliyyələşdirilən bu strukturların yalnız kiçik, lakin çox fəal qrupu və onların ayrı-ayrı nümayəndələri qrant verənlər üçün etibarsız informasiya mənbəyidir”, - dövlət başçısı qeyd edib.

Japarov Blinkeni ölkəsinə səfərə dəvət edib və “Qırğızıstanda insan hüquq və azadlıqlarının Konstitusiya və qanunlarla etibarlı şəkildə qorunduğunu öz gözləri ilə görməyə” çağırıb.

P.ƏMİRCANOV
XQ

Dünya