Aİ xarici ticarətdə “No Russia” qaydasını tətbiq edir

post-img

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 12-ci paketində ixracatçılar üçün digər ölkələrdən Rusiyaya həssas malların təkrar ixracına icazə verməyən məcburi müqavilə şərti təqdim edib. Əvvəllər belə bəndlər tövsiyə xarakteri daşıyırdı.

Aİ Şurası Avropa mallarının ixracatçılarını “tərəfdaş ölkələr”dən başqa, üçüncü ölkələrə müəyyən həssas məhsulların tədarükü üçün müqavilələrə Rusiyaya və ya Rusiyada istifadə üçün başqa ölkəyə təkrar ixracı qadağan edən şərti daxil etməyə məcbur edib. Aİ-nin 833/2014 saylı sanksiya reqlamentinə Rusiyaya qarşı sektoral sanksiyaları müəyyən edən yeni maddənin daxil edildiyi vurğulanır. Belə bir bənd 20 mart 2024-cü il tarixinədək yeni ixrac müqavilələrinə daxil edilməlidir. Müqavilə 2023-cü il dekabrın 19-dan əvvəl bağlanıbsa, ona 2024-cü il dekabrın 20-dək, yaxud müqavilənin müddəti bu tarixdən əvvəl başa çatırsa və uzadılırsa, ona təkrar ixracı qadağan edən bənd əlavə olunmalıdır. Əgər müqavilə “tərəfdaş ölkələrə” ixracı nəzərdə tutursa, bəndin daxil edilməsinə ehtiyac yoxdur. Bunlara ABŞ, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Kanada, Yeni Zelandiya, Norveç, İsveçrə daxildir.

Yeni şərtin əhatə etdiyi malların Rusiyaya çatdırılması Avropa İttifaqı tərəfindən qadağan edilir və bunlara ikili təyinatlı mallar və Ukraynadakı döyüş bölgələrində istifadə olunan "Rusiya silah sistemlərində istifadə olunan qabaqcıl texnoloji məhsullar" (çiplər, tantal kondansatörlər, videodomofonlar, diodlar, tranzistorlar, bilyalı podşipniklər, təyyarələrin bəzi hissələri, helikopterlər və pilotsuz uçuş aparatları və və s.), müəyyən aviasiya məhsulları (məsələn, təyyarələrdə istifadə üçün təkərlər, anten reflektorları, əyləc hissələri), aviasiya yanacağı daxildir. 

Bəs, yeni şərtlərə necə nəzarət olunacaq? Brüssel hüquq firmasının part­nyoru, sanksiya üzrə mütəxəssis Yuri Şumilov RBK-ya bildirib ki, qısa müddətdə belə bir mexanizmin mülki malların daha geniş siyahısına şamil ediləcəyi ehtimalı azdır: “Eyni zamanda, sanksiyaların tədricən artırılması məntiqində bunun hansısa mərhələdə baş verəcəyini istisna etmək olmaz”. Onun sözlərinə görə, sanksiya qaydalarına edilən dəyişikliklərə əsasən, ixracatçılar üçüncü ölkələrdən olan kontragentləri ilə müqavilələrdə təkrar ixrac bəndinin pozulması halında kifayət qədər hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Belə ki, ixracatçı belə bir pozuntudan xəbər tutarsa, o, qeydiyyatda olduğu və ya yerləşdiyi Avropa ölkəsinin səlahiyyətli orqanlarına məlumat verməyə borcludur.

S.Elay 
XQ

 

Dünya