Türkiyə – Macarıstan əlaqələri strateji səviyyəyə yüksəlir

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri, bu ölkənin baş naziri Viktor Orban ilə apardığı müzakirələr, bir çox aktual mövzularda səsləndirdiyi fikir və mülahizələr qlobal medianın diqqətini özünə cəlb edib. 

Dünən Türkiyə lideri paytaxt Budapeştdə iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edib. Qeyd edib ki, Ankaranın məqsədi dost Macarıstanla “strateji tərəfdaşlıq” münasibətlərini “genişləndirilmiş strateji tərəfdaşlıq” səviyyəsinə yüksəltməkdir. ­Yeni ­hədəflərə çatmaq üçün tərəflər bir çox mühüm sənədlər imzalayıblar. 

Ümumiyyətlə, iki ölkə arasında iqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji və mədəniyyət sahələrini əhatə edən 17 sənəd imzalanıb. Qeyd edək ki, 1923-cü ildə imzalanmış “Türkiyə–Macarıstan Dostluq Müqaviləsi”nin 100-cü ildönümü münasibətilə 2024-cü il Türkiyə və Macarıstanda qarşılıqlı mədəniyyət ili elan olunub. 

Yeri gəlmişkən, Ərdoğan yubiley münasibətilə Orbana “HU TR-100” dövlət nömrə nişanlı Türkiyə istehsalı olan TOGG elektrik avtomobili hədiyyə edib. Orban da, öz növbəsində, ali qonağa macar atı hədiyyə edib. 

Türkiyə Prezidenti Budapeştdə bir çox diqqətçəkən bəyanatlar verib. Deyib ki, Türk Dövlətləri Təşkilatı (TDT) daxilində Macarıstanla əməkdaşlıq yüksək səviyyədədir. R.T.Ərdoğanın fikrincə, Macarıstan TDT ilə Avropa İttifaqı (Aİ) arasında bir növ körpü rolunu oynayır: “Macarıstan TDT ilə Aİ arasında əməkdaşlığın güclənməsinə kömək edir. Bu, çox əhəmiyyətlidir. Təbii ki, bu, Ankara–Budapeşt əlaqələrində də özünü göstərir”. R.T.Ərdoğan məmnunluq hissilə söyləyib ki, ikitərəfli əlaqələr müsbət templə inkişaf etməkdədir.

Məlumdur ki, İsveçin NATO-ya qəbul olunması məsələsi Avropanın siyasi dairələrini narahat edir. Bu barədə müxtəlif fikir və ehtimallar səsləndirilir. Ərdoğan Macarıstan səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib ki, İsveçin NATO-ya üzv olması və ­ABŞ-nin Türkiyəyə “F-16” qırıcılarının göndərməsi məsələləri bir-birinə bağlıdır: “İnanıram ki, həm Amerikanın “F-16” məsələsi, həm də Kanadanın verdiyi vədlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə (İsveçin NATO üzvlüyü - red.) müsbət baxışını sürətləndirəcək”.

R.T.Ərdoğan jurnalistlərə açıqlamasında həmçinin bildirib ki, onun yaxın zamanda rusiyalı həmkarı Vladimir Putinlə danışığı baş tutacaq. Türkiyə Prezidenti “danışıqlar zamanı Taxıl Dəhlizinin fəaliyyətinin davam etdirilməsi üçün əlimizdən gələni edək deyəcəm”, – deyə vurğulayıb. Ərdoğan, Putindən müsbət cavablar alacağına ümid etdiyini deyib.

M.HACIXANLI 
XQ

 

Dünya