Mədəni irsə sahiblik duyğusu

post-img

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumu dünən işini davam etdirib.

Forumun 2-ci gününün ilk paneli Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi mövzusuna həsr olunub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Şahin Seyidzadə “Mədəni irsin qorunması, monitorinqi, inventarlaşdırılması və pasportlaşdırılması, abidənin bərpa-konservasiya təcrübəsi, ənənələr və müasir yanaşmalar” mövzusunda çıxış edib. O, qoruq ərazisindəki tarixi abidələrdən və ərazidə yaşayış şərtlərindən danışıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Mədəni irsin qorunması sahəsində qanunvericilik məsələləri” mövzusunda çıxışında mədəni irsin qorunmasında əsas istiqamət və məqsədlər barədə söz açıb. Abidələrə qanunsuz müdaxilələr məsələsinə toxunan natiq diqqətə çatdırıb ki, vətəndaşların istifadəsində olan tarixi-mədəni abidələrimizin ərazi şəraiti, yaxud kiminsə fərdi sahəsində olması və digər bu kimi amillər həmin abidələrin mühafizəsinə əngəl törədir.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov “Arxeoloji abidələrin tədqiqinə yeni üsullar: müasir metodologiyalardan istifadə” mövzusunda çıxış edib. Məruzəçi arxeoloji tədqiqatlarda müasir texnologiyaların istifadəsinin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Turizm Agentliyi nəzdində Qoruqları İdarəetmə Mərkəzi İdarə heyətinin sədr müavini Sədaqət Davudova “Mədəni irsin qorunmasında qanunvericilik məsələləri” mövzusunda çıxışında mərkəzin tabeliyində olan qoruqlardakı irs obyektlərinin mühafizəsi məsələlərindən bəhs edib. Deyib ki, mərkəzin əsas vəzifələri qoruq ərazilərində yerləşən maddi-mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək,  ərazilərdə turizm marşrutlarını müəyyən etməklə onların təbliğini genişləndirmək, müvafiq tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaq və s. dən ibarətdir.

“Mədəni irs abidələrinin idarə edilməsi, onların qorunmasında müasir texnologiyalar və innovasiyalar, kadrların hazırlanması” mövzusunda çıxış edən Avstriyanın “Atəşlər” Erich Pummer” şirkətinin müdir müavini Çingiz Nemanzadə minarələrin bərpasında diqqət edilməli məqamlardan, bu sahədə tətbiq edilən yeni texnologiyalardan söz açıb. Onun çıxışı minarələrin bərpa texnologiyasına dair videoçarxla müşayiət olunub.

Televiziya aparıcısı, bələdçi Fuad Axundov “Memarlıq abidələrinin qorunması və istifadəsində əhalinin sosial məsuliyyəti, dövlət və özəl tərəfdaşlıq” mövzusunda çıxışında tarixi binaların fasadlarına yersiz müdaxilələrdən danışıb.

Sonda qaldırılan məsələlər və təkliflər barədə fikir mübadiləsi aparılıb.

XQ

 

Mədəniyyət