Gürcüstan parlamenti prezidentin impiçmentini müzakirə edəcək

post-img

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunun başlandığını, iclasda respublika rəhbərinin ölkə Konstitusiyasını pozmasının müzakirə ediləcəyini bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

"Prezident Salome Zurabişviliyə parlamentin iclasında iştirak üçün dəvət göndərilib. İmpiçmentlə bağlı müzakirələr başa çatdıqdan sonra məsələ səsverməyə çıxarılacaq", - Papuaşvili bu gün jurnalistlərə bildirib.

Öz növbəsində, prezident administrasiyası buna etirazını bildirib və qeyd edib ki, Gürcüstanda akkreditə olunmuş diplomatik korpus dəvət olunmadan parlamentdə prezidentin impiçmenti kimi mühüm məsələnin müzakirəsinin bu ali qanunverici orqanın adi iclasına çıxarılması doğru deyil.

Hakim “Gürcü arzusu” partiyasının lideri İrakli Kobaxidze isə jurnalistlərə deyib ki, Zurabişvili “Konstitusiyanı kobud şəkildə pozub və bu, diqqətdən kənarda qala bilməz”.

Eyni zamanda, o qeyd edib ki, parlamentdə səs çoxluğu qazanmağın mümkünsüzlüyü səbəbindən Zurabişvilinin impiçmenti, “demək olar ki, sıfıra bərabərdir”.

P.ƏMİRCANOV

XQ

Dünya