Trampa qarşı rəsmi ittihamlar

post-img

Federal andlılar heyəti çərşənbə axşamı sabiq ABŞ prezidenti Donald Trampı hakimiyyətdə qalmaq məqsədilə 2020-ci il seçkilərinin nəticələrini aradan qaldırmaq cəhdində ittiham edib. Son ittihamlar 2024-cü ildə Ağ evə qayıtmaq arzusunda olan Trampın hüquqi problemlərini artırır. Xəbəri ABŞ mediası yayıb.

Qeyd edək ki, dörd maddədən ibarət geniş ittihamnaməni Ədliyyə Nazirliyinin xüsusi müvəkkili Cek Smit hazırlayıb. Federal andlı­lar heyəti aylar boyu 2021-ci ildə Co Baydenə məğlubiyyətini heçə endirməyə çalışan, lakin buna müyəssər olmayan D.Trampın ən yaxın müttəfiqlərini dindirib və onlardan ifadələr alıb.

45 səhifəlik ittihamnamədə bildirilir ki, 77 yaşlı Tramp ABŞ-da fırıldaq məqsədli kons­pirasiyada iştirak edib, başqalarının haqlarını təhlükə altında qoyub, Konqresin rəsmi pro­sedurunu və ABŞ seçkilərinə nəzarət edən elektoral kollegiyanın prosedurunu pozmağa cəhd edib. Söhbət 2021-ci il 6 yanvarda 2000 D.Tramp tərəfdarının paytaxt Vaşinqtonda Kapitoli binasına basqınından gedir.

Yeri gəlmişkən, 247 illik tarixə sahib ölkə­də ilk dəfədir ki, sabiq prezident hakimiyyəti seçilmiş yeni prezidentə təhvil vermək əvə­zinə qeyri-qanuni olaraq növbəti dörd il ərzin­də hakimiyyətdə qalmaq cəhdində ittiham olu­nur. Sadalanan ittihamlar üzrə Trampın cümə axşamı, yəni bu gün hakim qarşısına çıxacağı gözlənilir.

Xatırladaq ki, keçmiş dövlət başçısı bu günədək israr edir ki, seçkilərdə onun əley­hinə saxtakarlıqlar və qanun pozuntuları baş verib. Lakin Birləşmiş Ştatlarda onlarla hakim onun bu ittihamlarını əsassız sayıb və bu gün də bu qənaətdədirlər. 

İttihamnamədə sonra deyilir ki, “uduz­masına baxmayaraq müttəhim hakimiyyətdə qalmaqda qərarlı olub”. “Odur ki, 3 noyabr, 2020-ci il seçkilərinin ardınca iki ay ərzində müttəhim özünün qələbə çalması haqda yalan­lar yayıb”. 

“Bu iddialar saxta idi və müttəhim bun­ların saxta olduğunu bilirdi” ittihamnamədə deyilir və əlavə olunur ki, öz hərəkətləri ilə D.Tramp federal hökumətin təməl funksiyası olan seçkilərə nəzarət prosesini hədəf alıb.

Məlumat üçün bildirək ki, bu, son iki ayda Ədliyyə Nazirliyinin xüsusi müvəkkili Cek Smitin D.Trampa qarşı irəli sürdüyü ikinci ittihamnamədir. Belə ki, o, ötən həftə D.Tram­pın qeyri-qanuni olaraq məxfi sənədləri sax­ladığını iddia edən yenilənmiş ittihamnamə ilə çıxış etmişdi. Həmin sənədlər D.Trampın Florida ştatındakı sahilyanı Mar-a-Lago adlı iqamətgahında üzə çıxarılmışdı.

Məlumdur ki, D.Tramp 2024-cü il seçkilə­rinə qatılmağa hazırlaşır və bütün ittihamları rədd edərək onların siyasi motivli olduğunu bildirir. Maraqlıdır ki, D.Tramp 2021-ci ilin əvvəlində prezidentlik dönəmi bitdikdən sonra məxfi sənədləri Milli Arxivə təhvil vermək əvəzinə onları özündə saxlayıb. İtti­hamnaməyə görə bundan sonra o, sənədlərin külliyatının federal müstəntiqlərdən gizlədil­məsinə səy göstərib.

D.Tramp bütün ittihamları rədd edir və tez-tez Cek Smit və digər ittihamçıları tənqid atəşinə tutur. O, hətta bu günlərdə C.Smiti “kəmağıl” adlandırıb və bu ittihamların siyasi motivli olduğunu bildirib.

D.Tramp baş verənləri “Bayden kriminal ailəsinin və onların silahına çevrilmiş Ədliyyə Nazirliyinin” 2024-cü ildə keçiriləcək seç­kilərə müdaxilə etmək məqsədilə “aciz cəh­di” kimi qələmə verib. O, bu ittihamnamələri “1930-cu illərdə nasist Almaniyası, sabiq So­vet İttifaqı və digər avtoritar və diktatorial re­jimlərin” praktikası ilə müqayisə edib.

Ümummilli rəy sorğuları D.Trampın Res­publikaçı seçicilər arasında növbəti prezident seçkiləri üçün favorit namizəd olduğunu göstə­rir. Nüfuzlu “The New York Times” qəzetinin keçirdiyi son rəy sorğularından bəlli olub ki, o, hazırda əhali arasında hazırkı dövlət başçısı Co Baydenlə bərabər 43 faiz dəstəyə malikdir. .

Şahbaz ŞAMIOĞLU,
filologiya elmləri doktoru, politoloq

– ABŞ-ın sayca 45-ci prezidenti Do­nald Tramp bu ölkədə 2020-ci ilə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı saxta məlumatlar yaymaqda ittiham olunur. Bu, sıradan bir siyasi hadisə deyil. Belə qalmaqallı hallar oturuşmuş demokratik ənənələrə malik olan Birləşmiş Ştatlarda az-az hallarda təsadüf olunur. 

Qeyd etmək lazımdır ki, bu ittihamlar sübut olunarsa, sabiq dövlət başçısı hətta iyirmi il müddətinə həbs oluna bilər. Sö­zün düzü, inanmıram ki, məsələ belə bir hay-küylü sonluqla başa çatsın.

Görünən budur ki, Birləşmiş Ştatlar­da D.Trampın yenidən Ağ evə qayıdışını istəməyən qüvvələr az deyil. Belə ki, o, an­tiqlobalist siyasətçi hesab olunur. Dəfələr­lə bəyan edib ki, onun üçün prioritet Ame­rikanın daxildə üzləşdiyi problemlərin həllidir. Tramp xüsusilə ölkə iqtisadiyya­tında dönüş yaradacağını vəd edirdi. Düz­dür, bu istiqamətdə onun komandası ciddi uğura nail ola bilmədi. Bununla bərabər, daxili bazarın canlandırılması ideyası əha­linin müəyyən kontingentinin ürəyincə idi.

Amerikaya üz tutan çox sayda miqrant­lar da Trampın siyasətindən narazı idilər. O, Meksikadan miqrant axınının qarşısını almaq üçün sərhəddə hündür hasar inşa etdirməyə başlamışdı. Orada tikinti işləri hələ də davam edir.

D.Trampın barışmaz siyasi rəqibləri olan Demokratlar partiyasının liderləri ilə münasibətləri hər zaman kəskin olub. Bu gün də onun bu mövzudakı ritorika sərtliyi ilə seçilir. 

ABŞ-ın hazırkı iqtidarı ilə Trampı fərqləndirən cəhətlərdən biri də ikincinin Rusiyaya münasibətdə daha loyal mövqe tutması hesab oluna bilər. Tramp hesab edir ki, o, iqtidarda qalsaydı, Rusiya Ukraynaya qarşı xüsusi hərbi əməliyyata başlamağa cəsarət etməzdi. Bir arada hətta onu “Ru­siyanın adamı” da hesab edirdilər. Sabiq dövlət başçısı Rusiya-Ukrayna müharibə­sinin sülh yolu ilə həlli ilə bağlı tez-tez bir çox ziddiyyyətli fikirlər irəli sürür. Bu mü­lahizələr qlobal mediada vaxtaşırı yer alır. 

Bütün hallarda, Tramp öz dəst-xətti, maraqlı ritorikası ilə seçilən siyasətçilər­dəndir. Onun ABŞ mediasının yüksək təm­silçiləri ilə münasibətləri heç vaxt hamar olmayıb. Hazırda D.Tramp nəyin bahasına olursa-olsun Ağ evə can atır. Respublika­çılar arasında onu dəstəkləyənlər kifayət qədər çoxdur. Trampın Ağ evə dönüşü mümkün ola bilərmi? Bunu, əlbəttə, zaman göstərəcək. 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Dünya