Fransa və Almaniya niyə Türkiyəni Avropa Birliyində görmək istəmir?
Son aylarda Türkiyə ətrafında qeyri-adi diplomatik fəallıq müşahidə olunur. Qərbin Türkiyəyə marağının artması onun İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi və Rusiya– Ukrayna münaqişəsi ilə bağlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın dövlət başçısı Vladimir Putinlə yaxın münasibəti ABŞ-ı qane etmir və Avropanı qıcıqlandırır. Ərdoğan isə Rusiya– Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
İsveçin NATO-ya üzvlü ilə bağlı müzakirələrdə isə Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi ortaya çıxmışdı və bu barədə müxtəlif açıqlamalar verilmişdi. Məsələn, NATO Baş katibi Yens Stoltenberq Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyib. O deyib: “Türkiyə AB-yə üzv olmalıdır”. Lakin məlum oldu ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünü istəməyənlər də var. Onlara Almaniya və Fransa rəhbərlik edir. Berlində hesab edirlər ki, Türkiyə üçün “imtiyazlı əməkdaşlıq” kifayətdir. Fransa da Türkiyənin Avropa İttifaqına üzvlüyünə qarşı olduğunu dəfələrlə nümayiş etdirib. Amma digər Avropa ölkələri bu məsələdə daha mahir siyasət həyata keçirirlər. Məsələn, İtaliya Xarici İşlər Nazirliyi açıq-açığına Paris və Berlinin mövqeyi ilə razı olmadığını bildirir. Roma Ankaranın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini vurğulayır.
Əslində, Türkiyənin Avropa İttifaqına üzvlüyü Qərb üçün arzuediləndir. Çünki Türkiyə dinamik inkişaf edən iqtisadiyyata və böyük bazara sahibdir. Bundan başqa, onun ərazisindən neft və qaz kəmərləri (bəziləri kağız üzərində olsa da) keçir. Avropa bu kəmərlərin köməyi ilə Rusiyadan enerji asılılığından xilas olmağa ümid edir. Bu isə Aİ üçün Türkiyəni “özünküləri”nin siyahısına salması üçün səbəbdir.
Amma buna qarşı çıxanları da başa düşmək olar. Türkiyə əhalisinin sayına görə üzv ölkələr arasında ön sırada olacaq. Deməli, onun Aİ orqanları tərəfindən qəbul edilən qərarlara, Avropa siyasətinin hazırlanmasına ciddi təsir etmək imkanları olacaq. Yuxardakı səbəblərdən də, Fransa və Almaniya Türkiyədən çəkinir və onu özlərinin əsas rəqibi hesab edir.
Bizə isə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini gözləmək qalır. Unutmayaq ki, Qərbə Türkiyəni “itirmək” çox baha başa gələ bilər. Qısacası, bundan sonrakı prosesdə nə Türkiyə Avropa İttifaqından, nə də Avropa İttifaqı Türkiyədən tam imtina etməyəcək.
Ə.PÜNHAN, “Xalq qəzeti”

