Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq. Bu barədə Aİ Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Piter Stano məlumat verib. Onun sözlərinə görə, “Aİ-yə daxil olmaq prosesi saatlarla deyil, illərlə davam edir”. O əlavə edib ki, Aİ Türkiyəyə hətta vizasız rejim verməyə hələ hazır deyil.
“Viza rejiminin liberallaşdırılması qərarı üzv dövlətlər tərəfindən namizəd ölkə insan haqları və siyasi azadlıqlar da daxil olmaqla bütün zəruri meyarları yerinə yetirdikdən sonra qəbul edilir.
İyulun 10-da NATO sammiti ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, ölkəsinin Avropa İttifaqına gedən yolda maneələr aradan qaldırıldıqdan sonra, Ankara İsveçin alyansa üzvlüyünə razılıq verəcək.
Alyansın baş katibi Yens Stoltenberq isə demişdi ki, Stokholm “Gömrük İttifaqının modernləşdirilməsi və viza rejiminin liberallaşdırılması da daxil olmaqla Türkiyənin Aİ-yə daxil olması prosesinin yenidən başlaması” səylərini dəstəkləyəcək.
Bu açıqlamalardan sonra Avropa Komissiyası dərhal bəyan etdi ki, Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi və onun Aİ-yə daxil olması istiqamətində irəliləyişi bir-biri ilə əlaqələndirilə bilməz. Hələ may ayının sonlarında Avropa Parlamentinin ən böyük fraksiyası–“Avropa Xalq Partiyası”nın rəhbəri Manfred Veber bəyan etmişdi ki, “artıq heç kim Türkiyənin Aİ-yə tam üzv olmasını istəmir”.
Fransa parlamentinin deputatı Tyerriy Mariani “İzvestiya”ya deyib ki, o, Türkiyə ilə danışıqları bərpa etməyin mənasını görmür: “NATO sammiti çərçivəsində imzalanan saziş, əsasən, İsveçin üzərinə götürdüyü öhdəliklərdir və bu məsələni irəliyə apardığını görnüşü yaradır”.
Görünür, Türkiyə çox qərarlıdır. Bu ölkənin vitse-prezidenti Cevdet Yılmaz demişdi ki, Ankara əsas diqqətini Gömrük İttifaqı və vizasız rejimlə bağlı məsələlərə yönəltmək niyyətindədir. “İndi Gömrük İttifaqı yalnız sənaye sahəsini əhatə edir, gələcəkdə qarşılıqlı fəaliyyət sahələri genişlənəcək. Top Avropa İttifaqı tərəfindədir. Ümid edirik ki, onlar vəziyyəti düzgün qiymətləndirəcəklər”.
İstənilan halda, Türkiyə mövzusu müzakirə olunacaq. “Hürriyet” qəzetinin məlumatına görə, bu müzakirənin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ilk siqnallar Aİ xarici işlər nazirlərinin iyulun 20-nə planlaşdırılan görüşündə veriləcək. Xatırladaq ki, Ankara İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı protokolu bu ilin oktyabrından tez ratifikasiya etməyəcək.
Türkiyənin Avropa Birliyinə daxil olmasının tarixi 1950-ci illərin sonlarından başlayıb. 1963-cü ildə Türkiyə Cümhuriyyəti o vaxtkı Avropa İqtisadi Birliyi (AİƏ) ilə assosiasiya sazişi imzalayıb və bu, iqtisadi əməkdaşlığı gücləndirməyə imkan verib. Sonradan bu, 1995-ci ildə fəaliyyətə başlayan Gömrük İttifaqının yaradılmasına səbəb oldu. Bununla belə, Aİ-yə tam üzvlük yolu hələ də həllini tapmayıb. Ankara 1987-ci ildə birliyə üzv olmaq üçün ərizə verib, lakin namizəd statusu ona yalnız 12 il sonra - 1999-cu ildə verilib. Əslində, Türkiyə Avropa İttifaqına üzv olmaq gözləntiləri baxımından “mütləq çempiondur”. Məsələn, 2013-cü ildə Aİ-yə üzv olan Xorvatiya 10 il, Şimali Makedoniya 17 ilə yaxın, Monteneqro isə 12 ilə yaxın gözləyib. Türkiyə isə quruma üzv olmaq üçün 25 ilə yaxındır gözləyir.
Türkiyəli politoloq Kerim Hasın fikrincə, Ərdoğan real olaraq Avropa ilə danışıqlarda irəliləyiş gözləyəcək qədər sadəlövh deyil. Onun sözlərinə görə, Ankaranın Türkiyənin Aİ üzvlüyünün ən azı söz və bəyanat səviyyəsində dəstəklənməsinə ehtiyacı var, çünki bu, Türkiyənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilər. “Ərdoğan Qərbdən investisiya cəlb etməyə ümid edir. İnvestorlar Fitch və ya Moody’s kimi reytinq agentliklərinə müraciət edirlər. Və Qərb dövlətlərinin və ya təşkilatlarının rəhbərlərinin Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müsbət fikirlər söyləməsi çox vacibdir. Bu, investorlara təsir edə bilər”.
Kərim Has hesab edir ki, Avropa İttifaqı Türkiyə ilə Gömrük İttifaqını yeniləməkdə maraqlı ola bilər. Keçən il Almaniya kansleri Olaf Şolz bildirmişdi ki, Almaniya bu məsələdə sürətli irəliləyişə ümid edir.
P.ƏFƏNDİ, “Xalq qəzeti”