NATO-nun Vilnüs sammiti ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski alyans ölkələrinə səfər etdi. İyulun 6-da o, Bolqarıstanda, Çexiyada oldu, oradan iyulun 7-də Slovakiyaya, sonra da Türkiyəyə getdi. Cənab Zelenski səfərlər zamanı oxşar mövzuları müzakirə etdi: Kiyevə silah tədarükü, Rusiyaya təzyiq, Ukraynanın NATO-ya daxil olması. Amma ukraynalı liderin Türkiyəyə səfəri daha çox diqqətlə izlənilirdi. Çünki Ukraynada müharibənin davam etdiyi şəraitdə “taxıl dəhlizi”nin fəaliyyət göstərməsi həyati əhəmiyyət kəsb edir.
Xatırladaq ki, taxıl sazişi Rusiya, Ukrayna, Türkiyə və BMT arasında 2022-ci ilin iyununda Ukrayna limanlarından Qara dəniz vasitəsilə taxıl ixracına dair beynəlxalq müqavilədir. Sadə dillə desək, taxıl müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, Rusiya Qara dənizdə təhlükəsiz dəniz dəhlizləri açır və bu dəhlizlər vasitəsilə taxıl Ukraynanın üç limanından (Odessa, Çernomorsk və Yujnı) ixrac edilir. Belə olan halda Rusiya ixraca müdaxilə etməyəcək və təhlükəsizliyi təmin edəcək. İmzalanmış saziş taxıl müqaviləsinin müddəti başa çatarsa, onun avtomatik uzadılmasını nəzərdə tutur.
Qeyd edək ki, müharibə başlamazdan əvvəl Rusiya və Ukrayna dünya bazarında buğda həcminin təxminən üçdə birini satırdılar (təchizatın təxminən 20 faizi Rusiya, 12 faizi isə Ukraynanın payına düşür). Taxıl Afrika, Yaxın Şərq və bəzi Asiya və Aİ ölkələrinə ixrac edilirdi. Müharibənin başlanmasından sonra bir çox ölkə Rusiya ilə ticarətdən imtina etdi və ölkədəki hərbi əməliyyatlar səbəbindən Ukraynadan taxıl ixracı dayandırıldı. Bu, qiymətlərin sürətlə artmasına və bəzi ölkələrdə aclıq təhlükəsinə səbəb oldu. Məsələn, BMT-nin məlumatına görə, 2022-ci ilin mart ayında buğdanın qiymətindəki artım həmin ilin fevral ayı ilə müqayisədə 20 faiz təşkil etmişdi.
İyulun 17-də “taxıl dəhlizi”nin fəaliyyətinin müddət başa çatır. Ancaq rəsmi Moskva açıq şəkildə bildirir ki, sövdələşməni uzatmaq niyyətində deyil, çünki Rusiyanın ərzaq və gübrələrinin ixracına qoyulan qadağa hələ də qüvvədədir. Buna görə də, Qərb ölkələri, xüsusilə də Ukrayna “taxıl dəhlizi”nin fəaliyyət göstərməsinə çalışır. Bu məqsədlə cənab Zelenski Türkiyəyə səfər etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə ukraynalı lider bildirdi ki, bütün dünya Ukrayna taxılının ixracı üçün “taxıl dəhlizi”nin fəaliyyətində maraqlıdır və buna görə də onun fəaliyyəti Rusiya Federasiyasından asılı olmamalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, taxıl sazişinin müddətinin uzadılması xüsusi əhəmiyyət kəsb edir: “İl ərzində taxıl dəhlizi ilə 33 milyon ton məhsul daşınmışdır. Bu müqavilənin müddəti iyulun 17-də başa çatır. İndi sazişin müddətinin uzadılmasına nail olmaq çox vacibdir. Türkiyə bu istiqamətdə səylərini davam etdirir. Bu təşəbbüsün iki-üç ay müddətində davam etdirilməsi vacibdir. Ümumiyyətlə, 2 il müddətində dünya bazarlarına məhsulların çıxarılmasını təmin etməyə çalışırıq. Türkiyə iyulun 17-də başa çatacaq taxıl sazişinin uzadılmasına ümid edir. Biz taxıl dəhlizinin iki il müddətinə uzadılmasına çalışacağıq”.
Bundan başqa, qardaş ölkə liderinin sözlərinə görə, Türkiyə Ukrayna ilə Rusiya arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək: “Biz münaqişənin başlanğıcından bir çox sahələrdə – siyasi, iqtisadi, təhlükəsizlik sahələrində konkret yardım göstərməklə Ukrayna ilə həmrəy olduğumuzu nümayiş etdirmişik. Biz həm də beynəlxalq hüquq əsasında danışıqlar yolu ilə müharibənin sona çatması üçün ən intensiv səy göstərən ölkə olduq”.
Ukrayna–Türkiyə danışıqları, şübhəsiz ki, Volodimir Zelenskinin səfər proqramının vacib hissəsi kimi qiymətləndirilirdi. Təkcə ona görə yox ki, Ankara taxıl təşəbbüsündə həm bu sövdələşməyə diplomatik dəstək, həm də Ukrayna limanlarından taxıl ixracına logistik töhfə baxımından əsas rol oynayıb və oynamaqda davam edir. Bu gün cənab Ərdoğan NATO üzvü olan ölkələrin Rusiya–Ukrayna münaqişəsinin hər iki tərəfi ilə təmasda olan azsaylı liderlərindən biridir. Hələ Ərdoğan–Zelenski görüşündən əvvəl Türkiyə mətbuatı ukraynalı qonaqla danışıqlardan sonra Türkiyə Prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə əlaqə saxlamağı planlaşdırdığını yazmışdı.
İndi hamı Türkiyə liderinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünü gözləyir. Görüşün hansı nəticə ilə yekunlaşacağı barədə müxtəlif mülahizələr irəli sürülür. Bununla belə, Ərdoğan–Putin görüşündə hansısa nəticə hasil olmayacağı təqdirdə Ukrayna taxılının daşınacağı marşrutlar müzakirə edilir. Ukrayna Aqrar Biznes Klubunun analitiki Svetlana Litvinin sözlərinə görə, əgər razılaşma davam etməsə, ukraynalı fermerlərin alternativləri var. Ukrayna məhsullarını başqa yollarla da ixrac edə bilər: Dunay çayının limanları vasitəsilə, eləcə də Ukraynanın qərb sərhədləri ilə dəmir yolu və avtomobil yolu ilə. Lakin bunun üçün ayrıca infrastruktur təşkil etmək və beynəlxalq ekspertləri cəlb etmək lazımdır. Bununla belə, analitik hesab edir ki, dəniz limanları vasitəsilə ixrac ən sürətli və logistik cəhətdən optimal yoldur.
Bir sözlə, taxıl müqaviləsinin ləğvi dünya bazarında qiymətlərin artmasına və ilk növbədə, Afrika ölkələrinə, eləcə də hazırda Ukrayna məhsullarını aktiv şəkildə alan Şərq ölkələrinə ərzaq çatdırılmasında ciddi çətinliklərə səbəb ola bilər. Buna görə də, mütəxəssislər Ərdoğan–Putin görüşünün nəticəsinin dünya iqtisadiyyatı üçün də təsiri olacağını düşünürlər.
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”