Ukraynaya Qərbin yardımı davam edir

post-img

Baxmut istiqamətində Müdafiə Qüvvələri gün ərzində 1 kilometrdən çox irəliləyib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun sözçüsü, polkovnik Sergey Çerevatı bildirib: "Baxmut istiqamətində müdafiə qüvvələri təşəbbüsü saxlamaqla düşmənə təzyiq göstərir, hücum əməliyyatlarını həyata keçirir, şimal və cənub cinahları ilə hərəkət etməkdə davam edir. Xüsusilə, son 24 saat ərzində orada bir kilometrdən çox məsafə qət edilib”.

Çerevatı düşmənin şiddətli müqavimət göstərdiyini vurğulayıb. Belə ki, son sutka ərzində 318 dəfə ukraynalı müdafiəçilərə ra­ket artilleriyasından zərbələr endirilib, 3 dəfə hava hücumu təşkil edilib: “Ruslar Baxmut istiqamətdə kiçik əks-hücumlar həyata keçir­məyə çalışırlar, lakin təşəbbüs, “bütövlükdə” Müdafiə Qüvvələrinə məxsusdur. Və biz dərk etməliyik ki, qüvvə və vasitə baxımın­dan onlardan heç bir üstünlüyümüz olmama­sına baxmayaraq irəliləyirik".

Luqansk vilayətindəki vəziyyətə gəlincə, Çerevatı deyib: “Düşmən orada təşəbbüsü ələ almağa çalışır. Bu məqsədlə kifayət qə­dər güclü qüvvələr cəmləşdirib. Ümumiy­yətlə, onların planı Luqansk və Donetsk vilayətlərini işğal etmək idi. Lakin Müdafiə Qüvvələrinin uğurlu fəaliyyəti sayəsində bu planlar pozuldu. Əslində, hazırda bu, plan­laşdırıldığından fərqli olaraq lokal hücum­lardır. Burada çoxlu düşmən olsa da, o qədər də hazırlıqlı və koordinasiya olunmayan, heç bir motivasiyası olmayan qüvvələrdir.

Məhz motivasiya, yaradıcılıq, ahəng­darlıq qoşunlarımıza müəyyən ərazilərdə düşməni uğurla dəf etməyə və ona itkilər verməyə, Baxmut istiqamətində isə canlı qü­vvəsini və texnikasını qoruyub saxlamaqla çox düşünülmüş şəkildə irəliləməyə imkan verir. Bu bizim üçün prioritetdir. Bunu Avd­yevka sahəsində döyüşlərdən aydın görmək olar. Rusların hücumu 10 saat davam edib. Hücumun dəf edilməsi nəticəsində Rusiyaya məxsus 2 T-80BV tankı ələ keçirilib”.

Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib: “ Ukrayna ona görə döyüşür ki, sadəcə, öz həyatını bərpa etmək, sağ qalmaq istəyir, ona görə də tərəfdaşlarından kömək istəyir. Sadəcə, döyüşmək istəsəydik, artıq Rusiyada olardıq”.

Ukraynaya kömək isə davam edir. ABŞ Prezidenti Cozef Bayden Ukraynaya kasetli sursatların göndərilməsini təsdiqləyib. Çexi­ya Ukraynaya yeni hərbi yardım paketi ha­zırlayıb. Bu ölkə Ukraynaya döyüş helikop­terləri və sursatlar göndərəcək.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya