Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyində komandamız böyük uğurla çıxış edərək 14 medal qazanıb.
Körpücük üzərinə son olaraq Muhammədəli Məmmədzadə çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 96 kq çəki dərəcəsində mübarizə aparıb. “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 117 kiloqramı qaldırıb və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Muhammədəli təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O, 138 kiloqramı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Toplam 255 kq (117+138) nəticə göstərən idmançımız yekun sıralamada da gümüş medal əldə edib.
Bununla da, komandamızın əldə etdiyi medalların sayı 14-ə (8 qızıl, 4 gümüş və 2 bürünc medal) çatıb.
Qitə birinciliyinə 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) qatılıb.
L.QURBANOVA, “Xalq qəzeti”