Azərbaycan play-offda Litva yığmasına qalib gəlib

post-img

Ənənəvi futbol qaydalarına əsaslanan çimərlik futbolu nisbətən gənc olsa da, dünyada populyarlıq qazanıb. Bu idman növünə Azərbaycanda da kifayət qədər maraq var. Yeni və dinamik idman növü kimi Bakıda keçirilmiş ilk Avropa Oyunlarının proqramında yer alan çimərlik futbolunun növbəti Oyunlarda da təmsil olunması ona olan marağın göstəricisidir. Elə yığmamızın Polşa Avropa Oyunlarında 5-ci yeri tutmasını da xüsusi vurğulamaq olar. Həmçinin Azərbaycan komandasının çimərlik futbolunun inkişaf etdiyi Avropada ilk 10-luqda yer alması yaxşı nəticədir.

Çimərlik futbolu üzrə Bakıda başla­yan dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bir-birindən maraqlı matçlar azarkeşlərə əsl bayram sevinci bəxş edir. 

“Su İdman Sarayı”nın ərazisindəki yumşaq qum meydançası oyunçuların gözəl texniki fəndlərdən istifadə etmə­sinə geniş imkanlar yaradır. Azərbaycan yığması A qrupunda Moldova komanda­sına 2:3, Estoniyaya isə 4:7 hesablı məğ­lubiyyətindən sonra dünya çempionatına vəsiqə qazanmaq uğrunda mübarizəni dayandırıb. 

Daha sonra millimiz play-off mər­hələsində yerini müəyyənləşdirmək üçün İtaliya millisi ilə qarşılaşsa da, qrup mər­hələsinin son günündə bir çox komanda­lar kimi, növbəti mərhələyə yüksəlmək baxımından matçın nəticəsindən asılı olmayaraq mövqeyinin dəyişməyəcəyini bilirdi. Yığmamızın İtaliya ilə oyununda 2:3 hesablı nəticə qeydə alındı. 

Dünən isə dünya çempionatının Av­ropa üzrə əsas seçmə mərhələsi zamanı bu sahəyə marağı olan bir qrup autizmli və daun sindromlu uşaqların peşəkar fut­bolçularla xüsusi təlim-məşq oyunu çox böyük maraqla qarşılandı. 

“Hər şey mümkündür” adlı sosial la­yihə çərçivəsində təşkil olunmuş oyun­da 20-ə yaxın uşaq iştirak etdi. Tədbirə Azərbaycan Xüsusi Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi nümayən­dələri, Dünya Çimərlik Futbolu Təşkilatı, Azərbaycan Çimərlik Futbolu Federasi­yasının rəsmiləri də qatılmışdı. Su İdman Sarayının nəzdində fəaliyyət göstərən Avropa Oyunları Parkında keçirilən və bir saata yaxın davam edən matçda qonaq­lar müxtəlif Avropa yığmalarının futbol­çuları ilə yarışıb fiziki məhdudiyyətlərə baxmayaraq idmanın bütün maneələri aşmağa qadir olduğunu bir daha sübut etdilər. 

Sonra play-off oyunlarına start verilib. 

Ümumilikdə səkkiz komandanın iş­tirakı ilə dörd matç keçirilib. İsveçrə-Yu­nanıstan (6:5), Almaniya-Türkiyə (4:5), Estoniya-Polşa (5:4) qarşılaşmalarından sonra Azərbaycan Litva ilə üz-üzə gəlib. Komandamız Litva yığmasını 3:2 hesabla məğlub edib.

Bununla da komandaların turnirdə 9-12-ci və 13-16-cı yerlər üzrə mövqeləri müəyyənləşib. 

Bu gün isə turnirin ən güclü 8 koman­dası 4 qarşılaşmada mübarizə aparacaq. Onların arasında keçiriləcək bu oyunların (Belarus-Fransa, Portuqaliya-Danimar­ka, Ukrayna-Moldova, İtaliya-İspaniya) nəticələrinə əsasən 4 ən güclü komanda növbəti ilin fevralında BƏƏ-də keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliy­yat Şirkəti (BŞH) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə baş tutan seçmə mərhələ bu gün yekunlaşacaq. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman