Deqati Mərkəzi Elmi Kitabxanada

post-img

Tanınmış fotojurnalist, mühacir soydaşımız Reza Deqatinin yaradıcılığında Azərbaycan mövzusu əsas yer tutur. O, dəfələrlə ölkəmizi gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. 

Reza Deqati 20 Yanvar və Xocalı fa­ciələrinin müdhiş görüntülərini lentə al­mağa nail olub. O, 44 günlük Vətən mü­haribəsi zamanı həm erməni təxribatları nəticəsində zərər görmüş mülki şəxsləri və obyektləri, həm də mənfur düşmən­lərimizin işğal edilmiş ərazilərdə ziyan vurduğu, vandalizm aktına məruz qoydu­ğu tarix və mədəniyyət abidələrini böyük ustalıqla fotolarda əbədiləşdirib. 2014-cü ilin noyabrında Fransada Heydər Əliyev Fondunun və qurumun prezidenti Mehriban xanım Əliyevanın və vitse-pre­zident Leyla Əliyevanın dəstəyi ilə Reza Deqatinin Azərbaycana həsr olunan fo­tosərgisi keçirilib, eyni zamanda, onun iki kitabı işıq üzü görüb. 

Növbəti dəfə doğma Vətənə gələn Reza Deqati AMEA-nın Mərkəzi Elmi Ki­tabxanasında (MEK) olub. Görüş zamanı MEK-in baş direktoru, professor Məm­məd Əliyev Reza Deqatinin nümayiş et­dirdiyi fotolardan hər kəsin təsirləndiyini dilə gətirib və İkinci Qarabağ müharibə­si dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fotojurnalistin xidmətlərini yüksək dəyərləndirib. Bildiri­lib ki, müharibə günlərində Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər, mənfur qonşularımız tərəfindən aman­sızlıqla dağıdılan şəhər və kəndlərimi­zin görüntüləri geniş auditoriyaya Reza Deqatinin fotoları vasitəsilə xüsusi peşə­karlıqla çatdırılıb.

Qonaq, öz növbəsində, azad olun­muş ərazilərə səfəri, görülən işlər və gələcək layihələr barədə danışıb. Bu baxımdan Mərkəzi Elmi Kitabxanada qorunan nəşrlərin, sənədlərin faydalı ola biləcəyini deyib.

Sonra R.Deqati elmi kitabxana ilə yaxından tanış olub, “Qarabağ müharibə­si qəhrəmanları”, “Nadir kitablar” və “Qiy­mətli nəşrlər” fondlarında bölgənin etnoq­rafiyasına, tarixinə dair dəyərli nəşrlərə baxıb, ona buradakı guşələr haqqında geniş məlumat verilib. Görüşün sonunda dünya şöhrətli Azərbaycan əsilli fotoqrafa MEK-in “Heydər Əliyev İli”nə həsr etdiyi təqvim hədiyyə edilib.

N.ƏLİ, “Xalq qəzeti”

Son xəbərlər