Türkiyənin Azərbaycandakı səfirliyi, Şərqi Anadolu İnkişaf Agentliyi və Van Yüzüncü İl Universitetinin təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan regional əməkdaşlıq imkanları” mövzusunda onlayn konfrans keçirilib.
Məclisi giriş nitqi ilə Van Yüzüncü İl Universitetinin Sosial Elmlər İnstitutunun direktoru, professor Dr. Bəkir Koçlar açıb. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tarixi Azərbaycan–Türkiyə qardaşlığı və əməkdaşlığı barədə söz açıb. Ümummilli lider Heydər Əliyevin artıq şüara çevrilmiş “Bir millət – iki dövlət” sözlərini xatırladan AMEA rəhbəri iki qardaş ölkə arasında əsası ulu öndər tərəfindən qoyulmuş strateji əlaqələrin bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da inkişaf etdirildiyini vurğulayıb. Qeyd edib ki, elm sahəsində də qurulmuş əməkdaşlıq əlaqələri yüksək inkişaf mərhələsinə qədəm qoyub.
Akademik İsa Həbibbəyli bu gün AMEA-nın qardaş ölkənin TÜBA, Atatürk Kültür, Dil və Tarix, TÜBİTAK kimi elmi qurumları və onlarla universitetləri ilə səmərəli elmi əməkdaşlıq əlaqələrini yüksələn xətlə inkişaf etdirdiyini söyləyib.
O, ədəbiyyat, dil, tarix, seysmologiya, iqtisadiyyat, demoqrafiya və digər elm sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin, bir sıra ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Konfransda AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Azərbaycanın Türkiyədəki səfirliyinin mədəniyyət üzrə baş katibi İslam Quliyev, Van Yüzüncü İl Universitetinin rektoru, professor Hamdullah Şevli, Şərqi Anadolu İnkişaf Agentliyinin baş katibi, professor Xəlil İbrahim Güray və başqaları çıxış edərək gündəlikdə nəzərdə tutulan məsələlər ətrafında fikir və mülahizələrini bildirib, təkliflərini səsləndiriblər.
Konfransda “İki şəhər, bir hekayə: Van və Şuşa” mövzusunda panel iclası da keçirilib, iqtisadi, mədəni və turizm üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Ə.ƏLİYEV, “Xalq qəzeti”