Sızdırılmış sənədlər Ukraynanın əks-hücumunu poza bilərmi?

post-img

Rusiya–Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır. Müxtəlif istiqamətlərdə döyüşlər dünən də davam edib. Rusiya qoşunları səylərini, əsasən, Baxmut istiqamətində cəmləşdirsə də, hələ ki, ciddi uğurlara nail ola bilməyib. Rusiya ordusunun digər istiqamətlərdə də hərbi üstünlüyü görünmür. Amma hər iki ölkə bütün gücünü müharibədə qələbə qazanmağa yönəldib. Sülh haqqında isə söhbət belə getmir. 

Ukrayna və Rusiya arasında sülh danışıqlarına başlanması məsələsi son vaxtlar aparıcı dövlətlərin siyasi lider­lərindən çox mətbuatın diqqətini cəlb edir. Siyasi liderlərdən yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ki­yevlə Moskvanı sülhə gətirmək üçün var gücü ilə çalışır. Hazırda onun da başı ölkəsində keçiriləcək prezident və parla­ment seçkilərinə qarışıb. ABŞ və Avropa ölkələrinin liderləri isə hələ ki, yalnız Uk­raynanı silahlandırmaqla, Kiyevin qələ­bəsini təmin etmək üçün mümkün olan hər şeyi etməklə məşğuldur. 

Yalnız ayrı-ayrı ölkələrdə KİV sülh mövzusuna toxunur. Bu günlərdə “The Washington Post” qəzeti ABŞ kəşfiyyat agentliyinin məlumatlarına istinadən ya­zıb ki, 2023-cü ildə Rusiya və Ukrayna arasında sülh danışıqları gözlənilmir. Nəşrin özü də müəyyən araşdırmalar­dan sonra bu qənaətə gəlib ki, 2023-cü il ərzində nəzərdən keçirilən bütün ssena­rilərə əsasən, münaqişəyə son qoymaq üçün danışıqların baş tutacağı ehtimalı çox azdır.

Son günlərdə ABŞ Müdafiə Nazir­liyinin bir sıra digər ölkələrlə yanaşı, Rusiya və Ukrayna ilə bağlı hazırlamış olduğu məxfi sənədlərin mətbuata sız­dırılması da dünyada böyük səs-küyə səbəb olub. Heyrətamizdir ki, Ukrayna­da qanlı döyüşlərin getdiyi bir vaxtda Kiyevin Vaşinqtondakı dostlarının mü­haribənin mümkün nəticələrləri ilə bağlı çox sarsıdıcı proqnozlar hazırladıqları məlum olub. 

Dəhşətlidir ki, bu sənədlərdən hətta Qərbin diktəsi ilə Rusiyaya qarşı da­ğıdıcı müharibəyə qoşulmuş Ukrayna Prezidenti Volodimir Zelenski üçün də ölüm aqibəti nəzərdə tutulduğu aydın olur. Sızdırılmış sənədlərdən görünür ki, Amerika kəşfiyyatı Ukraynada mü­naqişənin inkişafı üçün gözlənilməz nə­ticələrlə bağlı dörd ssenari hazırlayıb. Bu ssenarilərdən birində lazım gələrsə, Rusiya və Ukrayna prezidentləri Vla­dimir Putin və Volodimir Zelenskinin ölümünün mümkünlüyü qeyd olunur. Digər ssenarilərdə Ukrayna ordusunun Kremlə hücumu, eləcə də son vəziyyətə uyğun olaraq, lazım gəlsə, Ukrayna or­dusu rəhbərliyinin istefaya göndərilməsi də nəzərdə tutulub.

“Nyu York Tayms” Pentaqonun sızdı­rılmış məxfi sənədlərinə istinadən bildirib ki, Ukraynanın Kremlə zərbə endirməsi ssenarisini nəzərə alan kəşfiyyat geniş spektrli potensial nəticələri proqnoz­laşdırır. Belə ki, Rusiya genişmiqyaslı hərbi səfərbərliyə başlaya, taktiki nüvə silahından istifadəni nəzərdən keçirə və ya ictimai əhval-ruhiyyə Moskvanı sülh danışıqlarına başlamağa inandıra bilər. 

Eyni zamanda təsvir edilən hər bir ssenari həm Rusiya ilə Ukrayna arasın­da münaqişənin kəskinləşməsinə, həm də onun danışıqlar yolu ilə dayandırıl­masına gətirib çıxara bilər, yaxud, ümu­miyyətlə, böhranın inkişafına ciddi təsir göstərə bilməz.

Sənəd fevralın 24-də münaqişənin başlamasından bir il sonra tərtib edilib və RELIDO kimi qeyd olunub, yəni, onun məzmununu açıqlamaq qərarı yüksək vəzifəli məmurların ixtiyarındadır.

Görünür, ABŞ-ın müdafiə naziri Lloyd Ostin ona görə bəyan edir ki, ABŞ səlahiyyətliləri məxfi sənədlərin sızması ilə bağlı təhqiqatı onların kim tərəfindən dərc etdirildiyini öyrənənə qədər da­vam etdirəcəklər. “Biz araşdırmanı da­vam edəcəyik, sənədləri kimin və hansı həcmdə sızdırdığını öyrənənə qədər də daşı daş üstündə qoymayacağıq”, – deyə Ostin qeyd edib.

Pentaqon rəhbəri sızma ilə bağlı açıqlama verən ilk yüksək vəzifəli ABŞ rəsmisi olaraq bildirib ki, Müdafiə Nazir­liyi sənədlərin fevralın 28-də və martın 1-də dərc edildiyindən xəbərdar olub, lakin bundan əvvəl internetdə başqa sənədlərin də dərc olunub-olunmama­sı barədə məlumatsızdır. “Araşdırma davam etdikcə, bunu da öyrənəcəyik”, – deyə Ostin qeyd edib.

Hazırda müstəntiqlər ABŞ kəşfiyya­tının məxfi materialını yaymaqda ma­raqlı olan şəxslərin adlarını müəyyən­ləşdirmək üzərində işləyirlər. Diplomat və RAND (Obyektiv Təhlil və Effektiv Həllər) şirkətinin elmi əməkdaşı Uilyam Kortni 100 səhifədən çox həcmi olan məxfi sənədlərin sızmasının Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücu­muna necə təsir göstərə biləcəyi barədə danışaraq deyib: “Ciddi səviyyədə sız­ma baş verib. Çox sayda ətraflı məlu­matlar ortaya çıxıb ki, bunlardan biri də Ukraynanın müdafiəsi ilə bağlı müxtəlif elementlərin struktur komponentləri ilə əlaqəlidir. Lakin aşkara çıxmayan məqam əks-hücum planının özüdür: on­lar hara zərbə vuracaqlar, nə vaxt vura­caqlar?” – deyə Kortni vəziyyətlə bağlı açıqlama verib.

Təbii ki, sızdırılan məlumatlar Ukray­nanın gələcək addımlarına zərər vermə gücündədir. Kiyev müharibənin hazırkı həssas məqamında, xüsusən, əks-hü­cum əməliyyatları ərəfəsində bu cür xəbərlərin sızmasından məmnun deyil. Ukrayna Prezidenti Ofisi rəhbərinin mü­şaviri Mixaylo Podolyak məhz buna görə bildirib ki, dərc edilmiş sənədlər həqiqəti əks etdirmir. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Dünya