Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşq keçirilib.
Məşqə FHN Muğan Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Sabirabad Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahının üzvləri, Mülki müdafiə xidmətləri və həmin xidmətlərdə yaradılmış ərazi Mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikaları cəlb olunub. Ümumilikdə, nümunəvi məşqə rayonda fəaliyyət göstərən 14 idarə, müəssisə və təşkilatdan 161 nəfər əməkdaş və 34 ədəd texnika cəlb edilib.
Tədbirin keçirilməsində məqsəd mülki müdafiəyə dair tədbirlər planlarının reallığa uyğunluğunun yoxlanılması, cəlb olunan şəxsi heyətin biliklərinin təkmilləşdirilməsi, qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarət olub.
Sonda nümunəvi məşqin təhlili aparılıb, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”