Norveç XİN Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını “arzuolunmaz şəxs” elan edib. Məlumatı “Euronews” agentliyi yayıb.
Agentliyin müxbiri Norveç XİN rəsmi saytına istinadən xəbər verib ki, bunu krallığın xarici işlər naziri Anniken Huitfeldt bildirib.
Norveçli nazir qeyd edib ki, haqqında sözügedən 15 nəfər öz diplomatik statuslarına uyğun olmayan kəşfiyyatçılıq fəaliyyətləri ilə məşğul olublar. Nazir sonra bildirib: “Norveç hökumətinin bu qərarı Avropada təhlükəsizliklə bağlı dəyişmiş vəziyyətə uyğun olaraq, Rusiyadan gələn kəşfiyyat təhlükəsinin artmasına qarşı cavabdır. Bu ciddi addım Norveçdə Rusiya kəşfiyyatının fəaliyyətinin qarşısının alınması və onun təhlükəsinin aradan qaldırılması, bununla da milli maraqlarımızın qorunması istiqamətində atılıb”. XİN rəhbəri onu da qeyd edib ki, həmin şəxslər tezliklə Norveçi tərk etməlidirlər.
A.Huitfeldt onu da əlavə edib ki, Norveçə gəlmək istəyən Rusiya diplomatlarına viza verilməyəcək, çünki hazırda ölkəsi üçün ən böyük kəşfiyyat təhlükəsi Rusiyadır: “Biz rus kəşfiyyatçılarının Norveçdə diplomatik pərdə altında fəaliyyət göstərməsinə icazə verməyəcəyik”, – o, deyib.
“Xalq qəzeti”