Fransada Prezident Emmanuel Makronun irəli sürdüyü pensiya islahatına qarşı etiraz aksiyalarının yeni dalğası baş tutub. Dünən ölkənin bir sıra şəhərlərində sayca 12-ci etiraz nümayişi keçirilib. Məlumatı “Euronews” verib.
Məlumata görə, ölkədə nəqliyyat, məktəblər və tullantıların yığılması sahələrində çalışanlar tətilləri davam etdiriblər. Şəhərlərarası və şəhərdaxili dəmir yolu nəqliyyatının hərəkətində problemlər yaranıb.
Nümayişlər ölkənin 270 şəhər və qəsəbəsində keçirilib. Etiraz aksiyalarında 600 minə yaxın insan iştirak edib. Aksiyaya “sarı jiletlər”in də qatıldığı bildirilir. 12-ci etiraz nümayişi ilə bağlı 11 500 polis və jandarm səfərbər olunub ki, onlardan 4200-ü Parisdə asayişi qorumaqla məşğul olub. Parisdə nümayişçilər Opera meydanından Bastiliya meydanına doğru irəliləyiblər. Aksiya polislə toqquşmasız ötüşməyib. Saxlanılanlar var.
Amma ölkədə Makronun pensiya islahatları heç də iqtisadçıların hamısı tərəfindən dəstəklənmir. Dünən Fransanın sabiq iqtisadiyyat və maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun (FMİ) sabiq prezidenti Dominik Stross-Kan Makronun pensiya sistemində islahat planında buraxdığı səhvləri tənqid edib. Onun fikrincə, planda dörd səhvə yol verilib və əgər bu səhvlər düzəlməsə, beşinci səhv daha ciddi nəticələrə gətirib çıxaracaq.
Stross-Kan özünün “Twitter” hesabında paylaşdığı “Beşinci səhv” adlı yazısında Fransanın acınacaqlı vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, bu gün pensiya sisteminin maliyyələşdirilməsində islahatlar zəruridir, amma bu gün pensiya yaşı deyil, pensiya sistemi konsepsiyası dəyişdirilməlidir.
Sabiq BVF rəhbəri yazır: “Prezident Makron dörd səhvə yol verib. Fransa pensiya müddətinə əsaslanan sistem qurmaq üçün pensiya yaşına əsaslanan sistemi tərk etməlidir. Stross-Kanın fikrincə, Makronun pensiya islahatı çox pis vaxtda – fransızların bir çox başqa çətinliklərlə üzləşdiyi dönəmdə irəli sürülüb. Deməli, vaxt düzgün seçilməyib: “İllərdən bəri buraxılan ardıcıl səhvlərin ölkəni çıxılmaz vəziyyətə salması təəccüb doğurmur”.
İqtisadçı pensiya islahatının vacib olduğunu etiraf edir, amma onu da bildirir ki, bu addım belə təcili atılmamalı idi. Başqa sıxıntılardan, xüsusilə də alıcılıq qabiliyyətinin aşağı düşməsindən, inflyasiyadan əziyyət çəkən fransızlara bu islahat daha bir ağır zərbə olub.
Sabiq BVF prezidenti ölkədə son zamanlar yaranmış sosial duruma diqqət çəkərək bəyan edib ki, keçirilmiş sorğular fransızların gündə bir dəfə yeməyi (üç dəfə deyil, iki dəfə yemək yeyirlər) təxirə salmaq məcburiyyətində qaldıqlarını göstərir. Onun fikrincə, hazırda düzəldilməli təcili vəziyyət budur: “Əlbəttə, qanunlar küçədə deyil, parlamentdə qəbul edilməlidir. Amma küçəni dinləmək, anlamaq da siyasi məsuliyyətin bir hissəsidir. Artıq birdən-birə kəsilən sosial dialoqun tellərini təzələmək üçün təşəbbüs göstərmək Prezidentin üzərinə düşür”.
“Xalq qəzeti”