Türkiyədə düz bir aydan sonra, mayın 14-də sandıq başına gələrək bu və digər namizədin lehinə, yaxud əleyhinə öz seçimini edəcək ölkə vətəndaşlarını indi ən çox narahat edən problemlərdən biri suriyalı qaçqınların taleyi, onların könüllü olaraq doğma yurdlarına qayıtması məsələsidir. Bu problem seçki kampaniyasında ən çox müzakirə olunan mövzulardandır.
Təqribən 11–12 il əvvəlki illərə retro-baxış etsək görərik ki, Türkiyənin çevrəsində olan bir çox ölkələrdə 2011-ci ilin yazında bu gün çoxları tərəfindən heç də birmənalı qarşılanmayan “Ərəb baharı” prosesləri başlandı. Tezliklə bu hadisələr bir çox dövlətlərdə sivil dialoq məcrasından çıxaraq ağır vətəndaş qarşıdurmasına çevrildi.
Beləcə, okeanın o tayından sifarişlə başlanan “Ərəb baharı” gözləntiləri doğrultmadı, əksinə, Tunisdə, Misirdə, Liviya, Suriyada və s. ölkələrdə ciddi təlatümlər törətdi. Türkiyənin cənubunda yerləşən Suriyada rejimin qəddarlığı səbəbindən bu gün də ağır vətəndaş müharibəsi davam edir.
Suriyanın yüzlərlə şəhər və kəndi xarabazara çevrildi. Ölkənin 23 milyondan çox əhalisinin, az qala, yarısı öz daimi yaşayış yerlərini tərk etməyə vadar oldu. Onlardan 5,7 milyonu isə Vətəni tərk edərək qonşu ölkələrə qaçdı. Suriyalı qaçqınların təqribən üçdə ikisi, yəni, 3,7 milyon nəfəri Türkiyənin Suriya ilə sərhəd bölgələrində məskunlaşıb.
Zülm, zorakılıqlar və əsarətdən qurtulmaq üçün küskün və ümidsiz bir vəziyyətdə Türkiyəyə pənah gətirən ailələrinə türklər dostcasına qucaq açdılar, onların normal qidalanmaları və təhlükəsiz şəraitdə yaşamaları üçün əllərindən gələni etdilər və bu gün də edirlər. Bu ağır problemin öz həllini nə vaxt tapacağı isə heç kimə məlum deyil.
Bu böyüklükdə qaçqın yükünü öz çiyninə götürməklə rəsmi Ankara düzmü edib, yoxsa səhvə yol verib? Bu sual ilk baxışda ritorik səslənir, amma görünən budur ki, Türkiyə dövləti və xalqı suriyalı qaçqın ailələri üçün mümkün olan hər bir şeyi etməklə, əsl fədakarlıq və humanizm nümayiş etdirib. Bu xeyirxah addımı, etiraf edək ki, dünyanın hazırkı qarışıq dönəmində çox az ölkələr nümayiş etdirməyə hazırdır.
Bu yerdə belə bir faktı xatırlatmağa ehtiyac var ki, hələ yeddi əsr əvvəl, 1490-cı illərin əvvəllərində İspaniyada dəhşətli inkvizisiya başlananda, orada yaşayan yəhudilərin var-dövlətlərini yağmalamağa, özlərini də fiziki olaraq məhv etməyə başlamışdılar. O dönəmdə yalnız Osmanlı imperatoru İldırım Bəyazid yəhudi xalqına sahib çıxaraq iki yüz minə yaxın qaçqını öz ölkəsinin ərazisində yerləşdirdi və onların burada sonrakı onillər və qərinələr boyu dinc və təhlükəsiz şəraitdə yaşamaları təmin edildi. Yeri gəlmişkən, yəhudi xalqı türklərin bu nəcib əməlini bu gün də dərin minnətdarlıq hissilə dilə gətirir.
Demək istəyirəm ki, Türkiyənin suriyalı qaçqınları himayə etməsi təqdir olunmağa layiq hadisədir. Zaman keçsə də suriyalılar bu xeyirxahlığı unutmayacaqlar. Lakin bu humanist addıma görə, hazırkı iqtidarı, Prezident Rəcəb Tayyib Ərdoğanı, təəssüf ki, həm ölkə daxilində, həm də xaricdə qınayan siyasi qüvvələr mövcuddur.
Son günlər keçirilən seçkiqabağı debatlarda ölkədə inflyasiya, bahalaşma, işsizlik və s. kəskin problemlərlə yanaşı, suriyalı qaçqınlar məsələsi tez-tez müzakirə və mübahisə predmetinə çevrilir. Müxalifətin əsas qüvvələrinin birləşdiyi “Millət İttifaqının nümayəndələri bu məsələyə neqativ aspektdən yanaşaraq, hazırkı hakimiyyəti xalqın gözündən salmağa cəhd edirlər.
Prezidentliyə namizədlərin də bir çoxu bu problem ətrafında spekulyasiya etməkdən çəkinmirlər. Məlumdur ki, Türkiyədə builki prezident seçkilərinə AKP-nin qurucusu və lideri, Prezident Rəcəb Tayyib Ərdoğanla yanaşı, ana müxalifət partiyası – CHP-nin rəhbəri Kamal Kılıçdaroğlu, bu yaxınlarda yaranan “Məmləkət” Partiyasının başçısı Məhərrəm İncə və Millətçi Hərəkat Partiyasının başqanı Sinan Oğan da qatılıblar. Onların hər biri seçkilərdə qələbə qazanmaq üçün bütün imkanlardan istifadə etməyə çalışırlar.
Yuxarıda adlarını çəkdiyimiz dörd partiyadan sonuncu iki partiya mühafizəkar sağçı, millətçi partiyalar hesab olunur. Onların rəhbərləri seçki kampaniyası zamanı suriyalı qaçqınlarla bağlı hökumətin ünvanına tez-tez iradlar səsləndirir, dolayısı ilə seçkilərin favoriti sayılan AKP liderinin başçılıq etdiyi hökumətin bu istiqamətdəki siyasətini tənqid etməyə çalışırlar. Hətta belə bir yanlış fikir formalaşdırılır ki, Türkiyə iqtidarı suriyalı qaçqınların bir qisminə vətəndaşlıq verməklə, ilk növbədə, onların səslərini qazanmağa cəhd edir.
Xatırladaq ki, bu cür iddialar 1918-ci ildə keçirilən prezident seçkilərində də irəli sürülmüşdü. O zaman iqtidarın bir çox yetkililəri, o cümlədən daxili işlər naziri Süleyman Soylu bildirmişdi ki, Suriyadan olan qaçqınların yalnız 50 mindən bir qədər çoxu vətəndaşlıq hüququ alaraq səsvermə hüququ qazanıblar. Təbii ki, belə bir kiçik göstərici 85 milyonluq Türkiyədə səsvermənin nəticələrinə ciddi təsir göstərə bilməz. Son beş ildə vətəndaşlıq və müvafiq olaraq səsvermə hüququ əldə edən qaçqınların sayında çox az artım qeydə alınıb.
Türkiyənin qaçqın probleminin həlli ilə bağlı rəsmi Ankara ilə Avropa İttifaqınıın (Aİ) rəhbərliyi arasında da ara-sıra narazılıqlar, fikir ayrılıqları yaranır. Belə ki, bir çox Aİ yetkililəri Türkiyənin Brüsselə təzyiq vasitəsi kimi, vaxtaşırı öz sərhədlərini açaraq suriyalı qaçqınların Avropaya kütləvi axın etmələrinə şərait yaratdığını bildirirlər. Lakin bunlar əsassız iddialardır. Reallıq budur ki, Aİ rəhbərliyi özü qaçqın problemi ilə bağlı Türkiyə hökuməti qarşısında götürdüyü öhdəliklərin çoxuna əməl etmir.
Xatırladaq ki, 2016-cı ildə Türkiyə ilə Aİ arasında əldə olunmuş razılaşmaya görə, Ankara öz ərazisi üzərindən Avropaya kütləvi miqrant axınının qarşısını almaq üçün sərhədlərində nəzarəti gücləndirməlidir. Aİ isə, öz növbəsində, qaçqın və miqrantları öz ərazisində yerləşdirmək müqabilində Türkiyəyə 6 milyard avro həcmində yardım söz veribdir.
Brüssel, həmçinin Türkiyənin Aİ üzvlüyü ilə bağlı danışıqları sürətləndirəcəyini və Türkiyə vətəndaşları üçün viza rejiminin yumşaldılacağını vəd edib. Lakin daha sonra Brüssel vizaların liberallaşdırılması üçün şərtlərin, guya, Türkiyə hökuməti tərəfindən tam yerinə yetirilmədiyini əsas gətirərək, əvvəlki sərt qaydaları dəyişməz saxlayıb.
Prezident R.T.Ərdoğan digər problemlərin həllində olduğu kimi, bu məsələdə də yüksək qətiyyət və prinsipiallıq nümayiş etdirir. Qərb dövlərlərinin rəsmiləri Türkiyə liderinin tamamilə haqlı olduğu ritorikasından narazı qalırlar, amma əvəzində tutarlı arqument də gətirə bilmirlər. Prezident R.T.Ərdoğan onlardan soruşur: necə olur ki, dünyanın yüksək inkişaf etmiş zəngin ölkələrində hər min nəfərə 2,7 nəfər miqrant düşdüyü halda, bu göstərici Türkiyədə qat-qat yüksəkdir?!
Türkiyə hökuməti Suriyanın İdlib vilayətində bu ölkədən olan qaçqınlar üçün yüz minlərlə mənzil inşa etməyi planlaşdırır. Artıq yetmiş minə yaxın suriyalı ailə hər cür şəraiti olan yeni mənzillərə köçüb. Bu yaxınlarda bu barədə xarici telekanalların birində reportaj yayımlanırdı. Həmin mənzillərin bir çoxunun divarlarından Prezident Rəcəb Tayyib Ərdoğanın fotosu asılmışdı.
Jurnalistin R.T.Ərdoğanın şəklini nişan verib “o kimdir?” sualına 12–13 yaşlarında ərəb qızı ürəkdən gülə-gülə təmiz türk dilində belə cavab verdi:
– Susqun dünyanın hürr səsidir o!
Fikrimcə, əlavə şərhə ehtiyac yoxdur!
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”