Qardaş ölkələrin kitab və söz bayramında

post-img

Ən qədim və zəngin mədəniyyətə malik türk xalqlarının ortaq mədəni sərvətlərinin təbliği, öyrənilməsi, inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu günlər Bakıda ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil edilən İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu baxımdan xüsusən önəmlidir. 

Bir çox tədbirlərlə zəngin olan fes­tivalın üçüncü günündə Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı ilə görüşümüzdə də festivalın bu baxımdan önəmi xüsusi vurğulandı. E.Qafarlı Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin doğum günündə – iyu­nun 5-də başlayan festivalda türk dünya­sının hər bölgəsindən alimlərin gəldiyini qeyd etdi. bu tədbirin, ümumilikdə türk dünyasının şair, yazar, ədəbiyyatşünas­larının görüşüb fikir mübadiləsi aparma­sı, ortaq məsələləri müzakirə etmələri üçün gözəl platforma olduğunu dedi. Qeyd etdi ki, budəfəki tədbir daha geniş keçirilir. Festivala gələnlər ötən 3 gün ərzində yeni nəşrlərlə tanış olub və hər saatda keçirilən təqdimatlara qatılıblar. 

Sənətşünaslıq üzrə fəlsəfə dokto­ru Bəhruz Niftəliyevin moderatorluğu ilə “Şairlik və alimlik” paneli keçirildi. Pa­nellə bağlı fikirlərini bölüşən B.Niftəliyev dedi: “Şairlər söz uğrunda həyatlarını girov qoyaraq, dilə gətirə bilmədiyimiz hiss həyəcanlarımız, duyğu və düşün­cələrimizdən poetik lövhələr yaradırlar. Sözdən ilmə vuran, naxışlar toxuyan şairlərimiz tək şer yazmırlar, onlar həm də, söz yaradırlar. 

Böyük məna yükünü özündə da­şıyan “Dünənin həqiqəti bu gün tərs yozum oldu, Niyə də yozulmasın, axı, dünya fırlanır” misralarının müəllifi Bəx­tiyar Vahabzadənin şeir külliyyatı ilə ya­naşı, Səməd Vurğunla bağlı araşdırma­ları, tədqiqatları var. 

Naxçıvandan tədbirə qatılmış 5 kitab müəllifi gənc şairə Sabrina Mə­dətovanın imza günü də çox maraqla keçdi. “Mənim anam bir mələkdir”, “Şə­hid Vüsalın dastanı”, “Mahnın da, adın da dastana döndü”, “Mənim doğma Naxçıvanım”, ulu öndər Heydər Əliye­vin xatirəsinə həsr olunmuş “Qurtuluş” kitablarının müəllifi festivaldan məm­nunluğunu bildirdi. 

Türkmənistan Elmlər Akademiya­sının Məhtumquli adına dil, ədəbiy­yat və milli əlyazmalar institutunun şöbə müdiri Raxmanverdi Qodarov festivalla bağlı təəssüratlarının heç zaman unudulmayacağını dedi: “Artıq neçə gündür ki, insanlar dəstə-dəstə gəlib sərgilərə tamaşa edir, təqdimatlar­da, yubiley tədbirlərində, konsertlərdə iştirak edirlər. Azərbaycanda kitaba ma­raq bizdə də xoş təəssürat oyatdı. Elə özümüz də bir sıra maraqlı kitablar, eyni zamanda sərgilərdə nümayiş etdirilən əl işləri aldıq. 

Festivalın üçüncü günü Türkmənis­tana həsr olunub və tədbir çərçivəsində görkəmli şairimiz Məhtimquli Fəraqinin təqdimatı keçirildi. Onun yaradıcılığı ilə bağlı çoxlu maraqlı çıxışlar dinlədik. Şe­irlərindən nümunələr səsləndirildi. 

Tədbirin bu qədər yüksək səviyyədə keçirilməsinə görə, təşkilatçılara min­nətdarıq”. 

Türk dünyasının ortaq mədəni sər­vətlərinin təbliğinə böyük töhfələr verən II Türk Dünyası Ədəbiyyat və Kitab Fes­tivalı bir-birindən maraqlı tədbirlərlə da­vam edir. Festivalın üçüncü günündə, həmçinin Ramiz Rövşənin imza günü keçirilib, “Qızıl yaşmaq” filmi nümayiş etdirirlib. 

Festival iyunun 11-dək davam edə­cək. 

L.AZAD, “Xalq qəzeti”



Sosial həyat