Ulu öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin əsas istiqamətlərindən biri də idman və bədən tərbiyəsi sahəsi olmuşdur. Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb, gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində olub. Hər il Bakıda, eləcə də, respublikamızın ayrı-ayrı bölgələrində ümummilli liderimizin xatirəsinə həsr olunmuş turnirlər müntəzəm şəkildə keçirilir, idmançılarımız bu yarışlara böyük həvəslə qatılırlar.
Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş kütləvi idman tədbirləri, beynəlxalq turnirlər, ölkədaxili yarışlarda 10 minlərcə idmançı böyük ruh yüksəkliyi ilə mübarizə aparıb. Onların arasında “Prezident Kuboku-2025” beynəlxalq reqatasını xüsusi qeyd etmək olar. Yarışın işğaldan azad olunmuş tarixi torpaqlarımızda keçirilməsi, idman hadisəsi olmaqla yanaşı, həm də siyasi məna daşıyırdı. Bütün dünyaya nümayiş etdirdik ki, uzun illər düşmən tapdağı altında xarabazarlığa çevrilən torpaqlarımıza nəinki həyat qayıdıb, bu yerlərdə həm də müasir idman infrastrukturu qurulub.
Beynəlxalq reqata çərçivəsində Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlər üçün xususi tədbirdə çıxış edən Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana da müasir idman infrastrukturu ilə bağlı xoş sözlər dedi. İgidlərimizin canı, qanı hesabına azad olunan Suqovuşanda beynəlxalq turnir keçirməklə bir daha onların ruhunu sevindirdik. Suqovuşanda ilk dəfə keçirilən reqatada 4 ölkədən idmançılar iştirak etmişdilərsə, bu dəfə onların sayı 20-ni ötdü. Bu da hər il yüksək səviyyədə təşkil edilən yarışa marağın artmasından xəbər verdi. Daha bir sevindirici məqam komandamızın turnirdə uğurla çıxış etməsi oldu. Azərbaycan avarçəkənləri yarışda 15 medal qazandılar.
Ümummilli liderin xatirəsinə həsr olunmuş daha bir beynəlxalq turnirdə 13 ölkədən tennisçilər güclərini sınayırlar. Bakı Tennis Akademiyasında start götürən və Ulu öndərin doğum günündə – mayın 10-da başa çatacaq yarışda 13 ölkədən 14 və 16 yaşlı idmançılar iştirak edirlər.
Bakıda Səbail rayonunda Məmməd Rahim adına 7 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində təşkil edilən idman festivalı da Ulu öndərin xatirəsinə həsr olunmuşdu. Tədbirdə Azərbaycanın milli rəqsləri və musiqi sədaları altında müxtəlif kompozisiyalar səsləndirildi, Olimpiya məşəli meydana gətirildi. Məktəb şagirdlərinin yarışı və gimnastların xüsusi çıxışı festivala təntənə gətirdi. Musiqili ifalar iştirakçılara xoş əhval bəxş etdi.
Dövlət qurumları arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş III minifutbol turnirində bütün komandalar qələbə ruhuna köklənmişdilər. Dövlət qulluqçularının ailə üzvlərinin tribunadan öz dəstəklərini göstərmələri komanda ruhunu daha da artırırdı. Hətta mükafatlandırılma mərasimi zamanı qalib komanda – Ədliyyə Nazirliyinin kollektivi fəxri kürsüyə övladları ilə birgə çıxdılar.
Kikboksinq Federasiyasının təşkilatçılığı ilə bu idman növü üzrə Sumqayıtda və Kürdəmirdə keçirilən yarışlar da kütləviliyi ilə seçildi. Federasiyanın bu istiqamətdə tədbirləri digər regionlarda da davam etdi. Ümumiyyətlə, ötən həftələr ərzində müxtəlif növlər üzrə keçirilən yarışlar, idman tədbirləri kütləvi xarakter daşıyırdı. Bu da bir daha göstərir ki, Ümummilli liderin xatirəsinə ehtiram və sevgi idmançılarımızın qəlbində əbədi yuva qurub. Dahi lider Heydər Əliyevin qürur mənbəyi olan xalqımız onun Azərbaycan idmanının inkişafına göstərdiyi diqqəti heç bir zaman unuda bilməz.
Bu ənənəni uğurla davam etdirən Ulu öndərin layiqli varisi, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dövlətimizin qabaqcıl idman ölkəsi kimi tanınması üçün geniş imkanlar yaradıb. Bundan sonra da idmançılarımız nüfuzlu yarışlarda Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqla ulu öndərimiz Heydər Əliyevin ölməz ruhunu şad edəcəklər.
Leyla QURBANOVA
XQ