Azərbaycanın Xalq yazıçısının yubileyi TÜRKSOY-da qeyd olundu

post-img

Görkəmli Azərbaycan ədibi, Xalq yazıçısı Anar Rzayevin anadan olmasının 85-ci ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankarada Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi, Azərbaycan Yazıçılar Birliyi və Türk Ədəbiyyatı Vəqfinin birgə təşkilatçılığı ilə yubiley mərasimi keçirildi. 

TÜRKSOY-un baş katibi Sultan Raev çağdaş türk ədəbiyyatının ən tanınmış yazarlarından biri olan Azərbaycan Yazı­çılar Birliyinin sədri Anarı anadan olma­sının 85-ci ildönümü münasibətilə təbrik edərək onun ortaq türk mədəni irsinə töhfəsini vurğuladı: “Türk cümhuriyyət­lərində fikir və sənət sahəsində yetişmiş çağdaş yazıçı və şairlər müxtəlif möv­zulu əsərlərində keçmişimizi və indimizi ustalıqla işləmiş, ortaq mədəni gələcə­yimizin üfüqünə ümid işarələri vermişlər. Onlardan biri də Azərbaycan türklərinin ideya və sənət sahəsində layiqli nüfuz qazanmış müdrik ağsaqqalı Anardır. Onun əsərləri qardaş türk xalqlarının dil­lərinə və bir çox başqa dillərə tərcümə edilərək türk mədəniyyətinin zəngin ədə­biyyatına töhfələr verib”.

Sultan Raev Anara 85 illik yubileyi münasibətilə TÜRKSOY-un 30 illik yubi­ley medalını təqdim etdi.

Türk Ədəbiyyatı Vəqfi İdarə Heyə­tinin sədri Serhat Kabakçı bildirdi ki, Anarın anadan olmasının 85 illiyi müna­sibətilə təşkil etdilən bu tədbir türk mədə­niyyətinin mühüm dəyərlərini qoruması deməkdir. Ölkəmizin Ankaradakı səfirli­yinin müşaviri Eldar Əliyev Xalq yazıçısı Anarın Azərbaycan ədəbiyyatının inki­şafında xidmətlərindən, türk dünyasının ədəbi-mədəni birliyinin möhkəmlənmə­sinə göstərdiyi köməkdən söhbət açdı.

TÜRKSOY çevrəsində yubileyinin təşkilinə görə minnətdarlığını bildirən Anar dedi: “Bu təşkilatın qurulmasına az da olsa töhfə verdiyimi xatırlamaq mə­nim üçün xoşdur. Türk birliyinin dünya gücünə çevrilməsində onun rolu və təsiri artır. Yaradıcılığıma və təşkilati fəaliyyə­timə verilən yüksək qiymət isə məmnun­luqla yanaşı, məni ümumtürk birliyinə xidmətlərimi artırmağada ruhlandırır”.

Mərasimdə yubiliyarın “Çağın önün­də bir yazıçı: Anar” və “İki əsrin qovşa­ğında: Anar” kitablarının təntənəli təqdi­matı oldu. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, yazıçılar İm­dat Avşar, Pərvin Nurəliyeva və Günel Anarqızı təqdim edilən nəşrlər barədə mülahizələrini söylədilər, yazıçıya möh­kəm cansağlığı və yeni yaradıcılıq uğur­ları arzuladılar.

Yubiley təntənəsinin bədii hissəsi so­listlər Aynaz Rəhimzadə, Elçin Hətəmli (tar) və Areş Nəzəri (nağara) triosunun Anar Rzayevin anası Nigar Rəfibəyli və atası Rəsul Rzanın şeirlərinə bəstələn­miş və Azərbaycanın türk dünyasında məşhur olan mahnılarından ibarət kon­sertlə davam etdi.

Xalq yazıçısı Anar qəzetimiz üçün kiçik müsahibəsində bildirdi:

–Yubileyimin TÜRKSOY kimi nü­fuzlu bir qurumun iqamətgahında ke­çirilməsi mənim üçün çox önəmlidir. Bu təşkilat yaranmazdan əvvəl çıxış­larımdan birində vurğulamışdım ki, o, türk dövlətləri arasında UNESCO kimi fəaliyyət göstərən, türk xalqlarının mə­dəniyyətinə, incəsənətinə önəm verən bir qurum olmalıdır. Bir müddət son­ra TÜRKSOY yarananda onun ilk baş direktoru mənim də çox yaxın dostum olan məşhur azərbaycanlı sənətçi Po­lad Bülbüloğlu, ikinci baş katibi isə çox yaxın dostum, qazax musiqiçisi Düsen Kaseinov oldu. Təşkilatın hazırkı baş di­rektoru da yaxın dostum, Qırğızıstanın Xalq yazıçısı Sultan Raevdir. Mən mu­siqiçilərə qarşı deyiləm, amma TÜRK­SOY-un bir yazıçı tərəfindən idarə olun­ması məni çox sevindirir. 

Qırğızıstana da məni dərin sevgi bağlayır. Stalin repressiyaları zamanı qohumlarım Azərbaycanı tərk etmək məcburiyyətində qalanda, onların bir qismi könüllü olaraq yaşamaq üçün Tür­kiyəyə gəlib, digər hissəsi isə Qırğızıs­tana sürgün edilib. Mənin Qırğızıstan və qırğız xalqı ilə xüsusi yaxınlığım isə dün­ya şöhrətli qırğız yazıçısı Cingiz Aytma­tov və hazırda TÜRKSOY-un baş katibi olan Sultan Raev kimi çox önəmli yazı­çı dostlarla bağlıdır. Çingiz Aytmatovla dostluq əlaqələrim unudulmazdır. Hə­mişə bir-birimizə kitab hədiyyə edəndə Aytmatov kitabını mənə “Kiçik qardaşım Anara”, mən isə “Böyük qardaşım Cin­gizə” deyə imzalayardıq”.

 

Mehparə SULTANOVA

Ankara

Son xəbərlər