Haqqında söhbət açacağım qazi – Pərvin Namiq oğlu Rzayev 1989-cu ildə Sumqayıtda doğulub. 23 saylı məktəbi bitirib. Hərbi xidmətini 2007–2009-cu illərdə Salyanda N saylı hərbi hissənin Xüsusi Təyinatlı Bölüyündə keçib. Müharibədən öncə həvəskar futbolla və tennislə məşğul olub. Bank, sonra isə digər xidmət sektorlarında çalışıb.
Vətən müharibəsində döyüş yolu oktyabrın 3-də Füzuli istiqamətindən başlayan Pərvin deyir ki, düşmən orada 30 il ərzində çox çətin yarıla bilən beton bunkerlər inşa etmişdi. Elə bilirdilər ki, bu bunkerlər onlara kömək edəcək, amma Ali Baş Komandanın düzgün rəhbərliyilə rəşadətli ordumuz tərəfindən o bunkerlər darmadağın edildi. Bunkerlər çox çətin yarıla bilən beton sədlərdən ibarət idi, bəzən divarların qalınlığı 1–2 metrə qədər çatırdı. Bu müdafiə bunkerləri labirint formasında idi. Düşmən, hətta səngərlərin içində belə tülkü yuvaları kimi yerlər qazaraq gizlənirdi. Həmin yerlərə baxanda elə görünürdü ki, burada hansısa heyvan gizlənib. Bunkerlərdə çox sayda silah-sursat, mərmilər var idi. Səngərlər hamısı erməni leşləri ilə dolu idi.
Pərvin döyüşə oktyabrın 11-dək Füzulidə, sonra Qubadlı – Laçın istiqamətində davam edib. Ən çətin əməliyyatın Laçın istiqamətində olduğunu söyləyir:
– Noyabrın 3-də çox yağışlı hava idi. Göydən leysan yağırdı. Biz Laçın dəhlizini atəş altında saxlamalı idik. Çünki xüsusi təyinatlılarımız 2–3 istiqamətdən Şuşaya girməli idilər. İmkan verməməli idik ki, o yoldan Şuşaya kömək getsin.
Noyabrın 6-da bizə ağır artilleriya zərbələri endirməyə başladılar. Səhər saatlarında düşmənin 400-ə yaxın şəxsi heyəti əks-hücum əməliyyatına başladı. Onların niyyətini axşamdan anlamışdıq. Gecə havaya işıqlandırma atıb koordinatlarımızı öyrənmişdilər. Amma sayımız az olsa da, biz onlara elə zərbələr endirdik ki, geri çəkilməyə məcbur oldular və biz mövqeni əldə saxlaya bildik. O ağır döyüşdə çox şəhidlər, yaralılar oldu... Xocavənd, Xankəndi, Laçın istiqamətində döyüşlərdə cəsurcasına iştirak etdik. Tibb məntəqəsinin işçiləri də döyüş bölgəsində idi.
Noyabrın 8-də Laçın istiqamətində dəhliz deyilən yerdə düşmənin atdığı ağır artilleriya nəticəsində yaralandım. Döyüş yoldaşlarım Abdulla, Elçin ayağımı bağladılar ki, qan çox axmasın. Oradan çıxmaq mümkün deyildi. Çünki düşmən mövqeyimizi atəş altında saxlayırdı. Saat 12-də yaralanmışdım. Düşmən əks-hücuma keçmək istəyirdi. 200–300 metr aşağıda böyük qaya vardı. Oradan təxliyə edilirdik. Qaya da üzüaşağı idi. Oraya qədər yaralıları və şəhidləri çəkə-çəkə gətirirdik. Mən canlı-cəsədli olduğumdan onlara yük olmaq istəmirdim. Dedim ki, siz onları aparın, mən düşəcəm. Amma çox qan itirmişdim. Çaydan qalxdığımız təpənin altından atəşə tuş gəlməmək üçün 400–500 metrlik məsafəni ya qaçmalı idim, ya da sürünərək keçməli idim. Yolu vururdular. Uşaqlar razılaşmadılar. O 500 metrlik məsafəni məni çiyinlərində daşıdılar. Nəhayət təxliyə yerinə gəldik. Axşam saat 5-ə qalmış təxliyə oluna bildik. Özümü xoşbəxt hesab edirəm ki, dədə-baba yurdlarımızın, əcdadlarımızın doğulduğu torpaqların geri qaytarılmasında mənim də payım oldu.
Əslən Qubadlıdan olan qazi orada olanda atasına zəng vurub, gözaydınlığı verib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Pərvin Rzayev “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” və digər medallarla təltif edilib. Laçın döyüşlərində yaralanan qazi indi sol ayağında üç qəlpə ilə yaşayır. Müharibədə həmçinin qapalı kəllə-beyin travması alıb. Deyir müharibədən əvvəl evləri olmayıb, babasının evində yaşayırmışlar. Dövlətimiz ikinci qrup ömürlük əlil olan qazimizi Abşeron rayonundakı yeni yaşayış kompleksində üç otaqlı, tam təmirli mənzillə mükafatlandırıb. Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramı çərçivəsində isə lazım olan avadanlıqlarla təmin olunan qazi özünə yeni iş qurub. Vətənə lazım olan anda əlimdən gələn köməyi etməyə hazıram –deyir.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”