Ayağını itirsə də, özünə çoxlu mənəvi dayaqlar tapdı...

post-img

Onun haqqında müfəssəl məlumatı mənə qohumum – Yardımlı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əli İskəndərov verdi və inamla dedi ki, Vətən müharibəsində Qələbəyə töhfələri olanlardan biri də qazi İlkin Ziyadovdur, imkan olsa, haqqında yazarsan.

Adaşım əlavə etdi ki, ehtiyatda olan ma­yor İlkin Ziyadov həm də vaxtaşırı dəvət edildiyi telekanallardan yüksək vətənpərvər­lik təbliğatı aparması ilə tanınır. Maraq mənə güc gəldi, qazinin həyat və döyüş yoluna işıq tutdum. 

…Bu yaxınlarda Yardımlıda qeyd olu­nan doğum günündə Vətən üçün bir ayağın­dan keçən İlkinin igid zabit kimi hünərindən danışıldı, həmçinin onun şəhid əmisi Famil Ziyadovun və şəhid qohumu Mahir İmano­vun ölməz xatirələri yad edildi, 44 günlük Vətən müharibəsində intiqamlarının alındığı fəxrlə vurğulandı. Dostları dedilər ki, xidmət dövründə İlkinə dəfələrlə cəbhəyə göndərilən strateji əhəmiyyətli silah-sursat karvanını mü­şayiət etmək tapşırılıb. Həmişə də tapşırıqla­rın öhdəsindən ər oğlu ər kimi, layiqincə gə­lib. Cəbhə xəttində düz 12 il nümunəvi xidmət edib, Vətən və dövlət qarşısında da, el-oba ya­nında da alnıaçıq, üzüağdır.

O, 2015-ci il oktyabrın 28-də təmas xət­tində erməni kəşfiyyatçılarının təxribatının qarşısını alarkən minaya düşərək sol ayağı­nı dizdən yuxarı itirib, sağ ayaq və əlindən, üz nayihəsindən qəlpə yaraları alıb. Möcüzə sayəsində sağ qalıb. Həmin gün iki hərbçimi­zin qəhrəmanlıqla şəhid olması cəsur mayoru sarsıtsa da, Azərbaycanın itirilmiş torpaqları­nın tezliklə azad olunacağına inamı qətiyyən azalmayıb. 

İlkin Eldar oğlu Ziyadov 1982-ci il iyun ayının 1-də Yardımlı rayonunun Dəlləkli kən­dində dünyaya göz açıb. Qonşu Ostayır kən­dindəki orta məktəbdə əla qiymətlərlə təhsil alıb. Hərbçi olmaq arzusu onda 1-ci Qara­bağ savaşında həmkəndlisi və yaxın qohumu Mahir İmanovun göstərdiyi şücaətdən xəbər tutandan sonra yaranıb. Çox keçmədən Ma­hirin düşmən tankını məhv edərkən igidliklə şəhid olması belə onda zərrəcə tərəddüd ya­ratmayıb, əksinə, fikri daha da qətiləşib. Daha sonra – 1995-ci ildə isə ermənilərin atəşkəsi novbəti dəfə pozması nəticəsində əmisi Famil Ziyadov da şəhid olanda onun torpaqlarımıza göz dikən mənfur düşmənə nifrəti daha da ar­tıb və orta məktəb attestatını alan kimi sənəd­lərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təqdim edib. Yüksək balla ora daxil olub. 2004-cü ildə Ali Hərbi Mək­təbi bitirərək leytenant kimi Milli Orduda xid­mətə ön cəhbədə başlaması ilə yeniyetməlik arzularının gerçəkləşməsinə nail olub. Vəzifə pillələri ilə yüksəlib, qısa müddətdə mayor rütbəsinə layiq görülüb. 

Təmas xəttində sərasər Vətənə xidmət et­mək çətin olsa da, İlkin Ziyadov daim bundan qürur duyub. Qüsursuz xidməti hər zaman ko­mandanlıq tərəfindən diqqətə alınıb. Ayrı-ayrı illərdə xidmətdə fərqləndiyinə görə təltiflərə layiq görülüb. 2011-ci ildə isə Ali Baş Ko­mandan İlham Əliyev tərəfindən ona “Hərbi xidmətlərə görə” medalı verilib. 2015-ci ilin bir payız günü xidmət başında olarkən minaya düşüb ağır yaralanması ilə istər-istəməz hərb­çi karyerası sona çatıb. 

Dözümü, güclü iradə sahibi olması sayə­sində İlkin həyatda qalmağı bacarıb, Allahın lütfü, həkimlərimizin şəfalı əlləri ilə nicat tapıb. Bu gün İlkinin dövlətimizin yüksək qayğısı nəticəsində sağlamlığı da, xarici gö­rünüşü də bərpa edilib, ağır yaralarının fəsadı, psixoloji sarsıntılarla müşayiət olunan şok du­rum anları artıq çoxdan arxada qalıb. 

İlkin deyir ki, xəstəxanada yatdığı müddət ərzində dövlət ona ən yüksək səviyyədə qayğı göstərib. Bunu hər an hiss edib. Bütün çə­tinliklərə baxmayaraq, Milli Orduya qayıdıb zabit kimi Vətənə xidməti davam etdirmək istəsə də, bu, qeyri-mümkün sayılıb və o, ordu sıralarından ehtiyata buraxılıb. 

Yaşadığı Dəlləkli kəndinin və qonşu Os­tayırın qədirbilən sakinləri onu heç vaxt tək qoymur, tez-tez ziyarət edir, az qala başına dolanırlar. Zabit yoldaşları və keçmiş əsgər­ləri də tez-tez qazi mayorun yanına gəlirlər. Süfrə arxasında çay içə- içə cəbhə xatirələrinə dalır, qəhrəmanlıq səhifələrini vərəqləyirlər. İlkin və dostları 2-ci Qarabağ savaşında Si­lahlı Qüvvələrimizin rəşadətindən iftixarla danışır, şəhidlərimizə uca Tanrıdan rəhmət diləyirlər. 

Əlbəttə, bütün bu ziyarətlər, canlı ünsiy­yətlər İlkini həyata daha çox bağlayır. Mən də Yardımlıya gedən kimi onun görüşünə tələsə­cəyəm. 

Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Sosial həyat