“Qarabağ” ordenli qazi

post-img

Ehtiram Eldar oğlu Məmmədov səkkizillik təhsilini ata-baba yurdu Qubadlının Tarovlu kənd məktəbində alıb. Xain qonşularımızın o yerlərə sahib çıxmaq üçün törətdikləri fitnəkarlıqlara dözə bilməyən gənc peşəkar hərbçi kimi Vətəni qorumaq qərarına gəlib və 1992-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 

Sonra İstanbuldakı Küleli Əsgəri lise­yinə göndərilib. Ardınca Ankara şəhərində yerləşən Quru Qoşunları Hərbi məktə­bində oxuyub, daha sonra paraşütçülük və Dağ Komando kurslarını uğurla bitirib. Vətənə qayıdaraq hərbi hissələrdə müxtə­lif vəzifələrdə xidmətini davam etdirib.

Vətən müharibəsi başlananda “N” saylı hərbi hissədə briqada komandirinin müavini olan Ehtiram Məmmədov Alxan­lı–Füzuli istiqamətlərində döyüşlərə atılıb. Orada Azərbaycan Milli Ordusunun ilk əks-hücum əməliyyatları zamanı başın­dan qəlpə yarası alıb, elə həmin yerdə ona tibbi yardım göstərilib. Tezliklə yeni­dən döyüşlərə qatılıb, Füzuli rayonunun Mahmudlu kəndinə qədər torpaqların düşməndən təmizlənməsində iştirak edib. Füzuli şəhəri alındıqdan sonra Ehtiram Məmmədov iki taborla digər kəndlər uğ­runda döyüşlərdə hünər göstərib. Daha sonra Daşaltı–Şuşa istiqamətində gedən döyüşlərə qatılıb. Daşaltı kəndi işğaldan azad edilən zaman düşmən snayperinə tuş gələrək yaralanıb.

Müharibədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Qarabağ” orde­ni, Füzulinin, Şuşanın və Xocavəndin azad olunmasına görə medallarla təltif edilib.

Onun 45 yaşı tamam olanda Sumqayıt stansiyası yaxınlığında məcburi köçkünlə­rin məskunlaşdığı qəsəbədə – Qubadlı ra­yon Əbülfəz Mehtiyev adına uşaq musiqi məktəbində tədbir keçirildi. Qubadlı Ra­yon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP rayon təşki­latının sədri Təhmasib Rüstəmov, Azər­baycan Yazıçılar Birliyi Qubadlı regional bölməsinin sədri Namiq Məna, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müha­ribəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacıza­də, “Qartal” tikinti firmasının direktoru, Sumqayıt Şəhər Sahibkarlar Birliyinin sədri Şahin Məmmədov çıxışlarında Eh­tiram Məmmədovun keçdiyi nümunəvi ömür yolundan, Vətən müharibəsində göstərdiyi şücaətindən ətraflı danışaraq ona uzun ömür, cansağlığı və uğurlar arzulayıblar. Qeyd edilib ki, 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımız məhz şəhidlərimizin canı, Ehtiram kimi igid qazilərimizin qanı bahasına azad olu­nub. Təkcə İkinci Qarabağ müharibəsində Qubadlıdan 11 şəhid və 40-dan çox yaralı hərbçi öz adlarını şərəf tarixinə yazıblar.

Onun dedikləri:

– 2020-ci il sentyabrın 27-dən etibarən döyüşlərdə iştirak etmişəm. Elə davanın ilk günü düşmən tərəfindən atılan atəş nəticəsində yaralandım. Ancaq buna bax­mayaraq, döyüşlərdə iştirakımı davam etdirdim. Daha 20 gün müddətində Füzuli istiqamətində döyüşlər getdi. Ermənilər orada çox möhkəm sədlər, yeraltı bunker­lər yaratmış, hər iki yüz metrdən bir sən­gərlər hazırlamışdılar. Ancaq bütün bun­lara baxmayaraq, biz həmin istehkamları düşmənin başına yıxdıq. İşğalçı ordunu darmadağın etdik və dizini yerə qoyduq. Düşmən Azərbaycan əsgərinin inamının, şücaətinin qarşısında məhv oldu.

Cəsur polkovnik-leytenant Füzulinin ardınca Hadrut, Azıx və Tuğ kəndinin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Həmin ərazilər də düşməndən tə­mizləndikdən sonra Şuşa istiqamətində döyüşlər başlanıb. Noyabrın 4-ü səhər saat 6-dan etibarən Daşaltı kəndindən Şuşa istiqamətində hücuma keçilib. Ora­dakı üçüncü düşmən mövqeyindən üzüa­şağı sanki od yağırdı. Bu zaman Ehtiram snayper gülləsinə tuş gələrək ağır yarala­nıb. Hadrutdakı hospitala təxliyə edilib və orada ilkin əməliyyat olunub. Ümumilikdə, yaralanması ilə əlaqədar beş dəfə əməliy­yat olunub.

Vətən müharibəsi qazisi hazırda dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edir:

– Hazırda ehtiyatda olan zabitəm. Vətən müharibəsindən sonra dörd dəfə Ali Baş Komandanla görüşümüz olub. Həmin görüşlərdə Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Prezident və xanımı bizə çox böyük diqqət göstər­dilər, qayğılarımızla maraqlandılar. Hesab edirəm ki, həmin görüşlər mənim həya­tımın ən gözəl anlarından biridir. Mənə II dərəcəli əlillik təyin olunub, dövlət tərəfin­dən Sumqayıtda üçotaqlı mənzillə təmin edilmişəm. Sumqayıt şəhərinin və Qubadlı rayonunun icra hakimiyyətləri də məni hər zaman diqqətdə saxlayır, problemlərimlə, qayğılarımla maraqlanırlar. “YAŞAT” Fon­du tərəfindən mənə maddi yardımlar olu­nub, həmçinin fond tərəfindən bütün xərc­lərim qarşılanmaqla Türkiyəyə bir həftəlik istirahətə göndərilmişəm. Sağ olsunlar, bütün müraciətlərimə operativ baxır və əl­lərindən gələni edirlər. 

Ehtiram Məmmədov daha sonra bildir­di ki, şəhidlərimiz tariximizin unudulmaz səhifəsini yazıblar. Qəhrəman qazi qar­daşlarım da hər cür alqışa layiqdirlər. Bu gün Vətən sərhədlərinin keşiyində duran silahdaşlarımız Azərbaycanın igid, mərd, vətənpərvər oğullarıdır. Biz də hər an gö­zümüzü qırpmadan Vətən üçün ölümə getməyə hazırıq. 

Əli ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat