“Zəfər yürüşü”nün qalib şairləri

post-img

Düz 30 il əvvəl çalışdığımız dövlət televiziyasından ağsaqqal yazıçımız Vidadi Babanlı ilə Qərb bölgəsinə ezamiyyətə getmiş, AYB Qazax bölməsinin sədri, şair Barat Vüsalla əsgərlərin görüşünə yollanmışdıq. O zaman oxunan şeirlər, söylənən fikirlər Vətən müdafiəçilərini xeyli ruhlandırdı, hətta onlardan bir neçəsi ürəklənərək səngər şeirlərindən nümunələr səsləndirdilər. 

Ötən ilin yayında Şuşada Vaqif Poezi­ya Günlərində “İgidlərin sözü” kompozisi­yasında qazi-şairlərin muğamın müşayiəti ilə çıxışları bir daha həmin günləri, əsgər­lərin barıt qoxulu misralarını yada saldı.

İkinci Qarabağ müharibəsinin səngər­lərində neçə-neçə döyüşçü-şairimiz vuru­şub. Onlardan bəziləri döyüş meydanların­da müqəddəs şəhidlik zirvəsinə ucalıb, sağ qalanlarsa, Barat Vüsalın təbirincə desək, hələ də səngərdədirlər: “Neçə ki, Vətən var, torpaq var, bayraq var, həmişə də səngərdə olacaqlar. Onlardan biri, isteda­dı yüksək qiymətləndirilmiş baş leytenant Emin Piri II Qarabağ müharibəsinin son dərəcə orijinal gündəliyini yazdı. Həm də yolboyu gedə-gedə şahanə misralar dedi: 

Formamda şair qardaşlarımın qanı, 

Gözlərimdə 44 günlük gecənin yuxusuzluğu.

Bu qazilərin qələmləri güllə gilizləri olub, onu öz qanlarına batırıb şeirlərini ya­zıblar. Varaqları olmadığı üçün duyğuları­nı ürəklərinə, yaddaşlarına həkk ediblər. Sonradan vaxt tapıb "köçürə" biliblər, biz də xəbər tutaq, oxuyaq, bilək deyə!

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin!

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım! 

Həsən Kür adlı qazi-şairin bu misrala­rını oxuyuram və özümdən asılı olmadan ayağa dururam, "Azərbaycan əsgərinə (şəhidinə, qazisinə, şairinə) eşq olsun!" deyirəm. Düşünürəm ki, qazi şeirlərinin hər birini oxuduqca ayağa durmaq lazım­dır. Şəhid önündə sayğı duruşuna daya­nan kimi... Vətən müharibəsi haqqında şeirləri, qalib əsgər və zabitlərimizin ağ­rı-acılarını qazi-şairlər bizdən daha inan­dırıcı şəkildə ifadə edə bilirlər”.

“Zəfər yürüşü”nə qoşulanlardan Eyvaz Əyyub, Səbuhi Qurbanov, Oğuz Alpars­lan, Nicat Ağayev, Cavid Əlioğlu, Orxan Səmədov, Elvin İntiqamoğlu və başqaları bu gün dinc quruculuq cəbhəsində çalış­maqda, həm də dava yaşantılarını özlə­rinə məxsus tərzdə yazmaqdadırlar. On­lardan bəzi nümunələrə nəzər salaq: 

Üçrəngli bayrağı sanc köksümə, övlad,

Fərz eylə, ağır xəstəyə imdad eləyirsən. 

(Səbuhi Qurbanov)

*** 

Qurban bu can hər daşına,

Hər zərrənə, qarışına!

Bir gün ölsəm, başdaşıma

Yazılsın tarix daşıma:

"Canım qurban, Azərbaycan!" 

(Oğuz Alparslan)

***

Şamaxıdan çıxdıq yola,

Baxmadıq heç sağa, sola.

Ermənidə niyə qalsın

Torpaq bizim ola-ola! 

(Orxan Səmədov)

***

Noyabrın yeddisi,

Xocavənd ərazisi:

Bir tərəfdə əsgərlərin döyüşdən çıxardığı

baş leytenant Əsədov...

Bir tərəfdə yerə düşmüş rabitə:

- Qaya on bir... Qaya on bir...

Qaya on bir eşitmir!

(Elvin İntiqamoğlu)

Göründüyü kimi, həm əsl Vətən öv­ladları, Vətən əsgərləridir, həm də mənalı misralar yazır qazi-şairlərimiz. Onların şeirləri “Zəfər yürüşü”müzə, Böyük Qələ­bəmizə çox yaraşır. Ruhumuzun yaylım atəşləri kimi!

Nəhayət, qazi-şairlərimizdən seçdiyi­miz iki şeirlə Vətən müharibəsində qələ­mini süngüyə çevirmiş soydaşlarımız haqqında qeydlərimizi tamamlayırıq.

 

 QARABAĞIM 

Verib sənə söz, gəlmişik,

Polad, Mübariz gəlmişik.

Qarabağım, biz gəlmişik,

Salam verir daşım, dağım,

Gözün aydın, Qarabağım! 

Gözü qanlı qurdu gördüm,

Dəmir yumruq ordu gördüm.

Xalq ayağa durdu, gördüm,

Cəngi eşitdi qulağım,

Gözün aydın, Qarabağım! 

Səbuhi QURBANOV

MƏN VƏTƏNƏM 

Adım bəlli, soyum bəlli, köküm bəlli,

Bir gün gedib Göyçə göldə

Qarmağımı atacağam,

Orda balıq tutacağam,

Bişirəcəm Ərdəbildə.

Mən Vətənəm!

Qapınızı döydüyümdə

Düşünmədən açın, mənəm.

Zəncan, Xoyam, Borçalıyam,

Şuşa mənəm, Laçın mənəm! 

Nicat AĞAYEV

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat