Şəhid-rəssamın ruhunu yaşadan 44 rəsm

post-img

O, fırça tutan əlinin atəş açmağa da qadir olduğunu həm 2017–2018-ci illərdə hərbi xidmət zamanı təlimlərdə fərqlənməsi, həm də 2020-ci il iyul ayında könüllü olaraq qeydiyyata düşüb Tovuz döyüşlərinə qatılması ilə sübut edib. Beləcə, vətənpərvərlik mövzularını təbliğ etdiyi rəsmləri və molberti kənara qoyaraq şəxsi yurdsevərvərlik nümunəsi ilə seçilib. 

Azərbaycan Memarlıq və İnşaat Uni­versitetinin məzunu olan gənc rəssam Rauf İbadovun Vətən müharibəsində cə­surluğuna, Füzuli, Cəbrayıl, Hadrut, Qu­badlı cəbhələrində göstərdiyi şücaətinə görə manqa komandiri təyin edilməsi də onun əsl vətənpərvər olduğunun göstə­ricisi idi. 

Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində şəhid-rəssam Rauf Məhər­rəm oğlu İbadovun “Sizə yadigar qalsın” adlı fərdi sərgisinin açılış mərasimində Xalq artisti Gülyanaq Məmmədovanın ifasında onun əziz xatirəsinə ithaf olun­muş "Qəhrəmanlıq dastanı..." adlı mah­nının klipini izləyənlərin gözləri önündə anbaan qəhrəmanın işıqlı obrazı canlan­dı. Hər kəs bəstəkar Sevinc Tofiqqızının şair Baba Vəziroğlunun sözlərinə yazdı­ğı musiqi əsərini elegiya deyil, qürur ifa­dəsi kimi maraqla qarşıladı. 

Tədbiri Sumqayıt Regional Mədə­niyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyası və “Nəfəs” İctimai Bir­liyi təşkil etmişdi. 

Şəhər ictimaiyyətinin nümayəndələri, rəssamlar, qazilər və məktəblilərin qatıl­dığı tədbirdə bildirildi ki, Rauf 1996-cı il mayın 4-də Abşeron rayonunun Saray qəsəbəsində doğulub. İnşaatçı mühən­dis və gözəlliklər yaradan rəssam olsa da, zamanın gərdişi onu dağıdıcı mü­haribə ilə üzləşdirib, əlinə silah alıb dö­yüşlərə atılmağa vadar edib. Elə orada da çox sevdiyi həyatla vidalaşmalı olub. 2020-ci il oktyabrın 23-də Laçın rayo­nu ərazisində mühasirəyə düşdükləri zaman bir neçə düşməni məhv edib və qəhrəmancasına şəhid olub. Oktyabrın 30-da Saray qəsəbəsindəki Şəhidlər xi­yabanında dəfninə bütün el-oba topla­şıb. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasina görə” me­dalları ilə təltif edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, şə­hid anası Ceyran Həsənova, “Nəfəs” İctimai Birliyinin rəhbəri Firəngiz Bala­kişiyeva, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cə­maləddin, şair, Prezidentin fərdi trəqa­üdçücü Əşrəf Veysəlli, Memarlıq və İnşaat Universitetinin elmi katibi Tahirə Haqverdiyeva, professor İsmayıl Əliyev və başqaları çıxış edərək, torpaqlarımı­zın Rauf kimi qəhrəman oğullarımızın sayəsində işğaldan azad olunduğunu, xalqımızın 30 illik həsrətinə son qoyuldu­ğunu bildirdilər. Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsə­nova Raufun rəsmlərindən söhbət aça­raq, onun sevimli mövzusunun məhz vətənpərvərlik olduğunu diqqətə çatdır­dı. Peşəkar rəssam Tofiq Əhmədovun nakam həmkarına həsr etdiyi portret şə­hidin valideynlərinə təqdim olundu.

Şəhidin atası Məhərrəm İbadov, ana­sı Zərnigar İbadova diqqət və qayğıya görə minnətdarlıq duyğularını ifadə et­dilər.

Sonra sərgiyə baxış keçirildi. Ekspozi­siyada rəssamın müxtəlif janrlarda yarat­dığı 44 əsəri nümayiş olunur. Hamısı da həyat eşqli, işıqlı rəsmlərdir. Vətən üçün döyünən, elə Vətən yolunda da susan bir ürəyin çırpıntılarını yaşadan əsərlərdir. Rəng çalarları, koloriti diqqət çəkir.

Tədbir Ə.Bakıxanov adına 1 nömrə­li Sumqayıt Uşaq İncəsənət Məktəbinin kollektivinin təqdim etdiyi musiqi nöm­rələri və Laçın rayon 5 saylı orta məktə­bin Rauf İbadov adına sinfinin şagirdləri­nin səsləndirdikləri şeirlərlə davam etdi.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat