Rusiyadan Ermənistana çağırış: Zərərli müzakirələr dayansın!

post-img

Ermənistanın üzvü olduğu və Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı demarşları Kremlin siyasi dairələri tərəfindən təmkinlə qarşılansa da, ara-sıra ümumi dözüm ab-havasına zidd sayıla biləcək təmayüllər nəzərə çarpır. Başqa cür mümkün deyil. Çünki İrəvan rəsmiləri əllərinə düşən hər fürsətdə KTMT-ni aşağılamaq yolu tuturlar. Özü də hərəkətlərini kifayət qədər geniş şəkildə ictimailəşdirirlər. Sanki, kimlərsə onlardan belə davranmağı gözləyir. Ermənistan hakimiyyəti isə bu gözləntinin qarşılığında özünün sərt fikirləri ilə, bir növ, hesabat verir. Təbii, rəsmi İrəvanın hesabat ünvanı Qərb, daha doğrusu, Qərbdəki təəssübkeşləridir. Nikol Paşinyan administrasiyası Rusiyaya münasibətdə əks mövqedə dayandığını nümayişə çıxarmaqla, Qərbə özünü qəhrəman kimi göstərməyə çalışır.

Nə isə, mətləbə keçək. Qeyd etdi­yimiz kimi, Rusiyada da Ermənistanın anti-KTMT təmayülünə qarşı etirazlar eşidilməkdədir. Bu mənada ölkənin Xarici işlər nazirinin müavini Mixail Qaluzinin yerli telekanallardan birinə müsahibəsində səsləndirdiyi fikirlər maraq doğurmaqdadır. Qaluzinin söz­lərinə görə, Moskva gözləyir ki, İrəvan KTMT-nin digər üzvləri ilə qarşılıqlı fəaliyyətin xarakteri ilə bağlı zərərli müzakirələri dayandıracaq və mövcud istiqamətdə yaranan məsələlər kons­truktiv şəkildə həllini tapacaq: “Ümid edirik ki, “kim, haradan gəlir” mövzu­sunda zərərli müzakirələr dayandırı­lacaq və KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri, o cümlədən, təşkilatın Ermənistan ərazi­sində müşahidə missiyasının yerləşdi­rilməsi konstruktiv həll olunacaq”.

Bəli, məlumdur ki, Ermənistanın baş naziri N.Paşinyan, ölkə parlamen­tinin sədri Alen Simonyan, eləcə də di­gər dövlət rəsmiləri dəfələrlə KTMT-ni sərt tənqid ediblər. İrəvan qurumun baş katibinin müavini kvotasından im­tina edib. Martın 14-də keçirdiyi mət­buat konfransında bu qərarı şərh edən N.Paşinyan “biz KTMT-dən çıxmırıq, KTMT Ermənistanı tərk edir” fikrini bir daha təkrarlayıb.

Qaluzinin haqqında söz açdığı KT­MT-nin Azərbaycanla Ermənistanın sərhədindəki müşahidə missiyasına gəlincə, təşkilata üzv dövlətlər ötən ilin noyabrında İrəvan sammiti zama­nı Ermənistanın, Bakının təcavüzü kimi qiymətləndirdiyi, sentyabr hər­bi toqquşmasını pisləməkdən imtina etdilər. Bundan sonra Paşinyan ad­ministrasiyası Avropa İttifaqının mo­nitorinq missiyasını Cənubi Qafqaza çağırmaq qərarına gəldi. Bu addımın Rusiya tərəfindən sərt qarşılandığı da məlumdur. 

Amma diqqətçəkən məqam odur ki, Ermənistanın xarici işlər naziri Ara­rat Mirzoyan martın 20-də Moskvaya səfəri zamanı, Ermənistan hakimiyyəti­nin əvvəlki mövqeyinə zidd fikirlər səs­ləndirib. Məsələn, Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında Ermənistanın KTMT missiyasından imtina etmədiyini deyib: “...Yəqin, sualın ifadəsi düzgün deyil. Çünki Ermənistan heç vaxt belə bir missiyadan əlini üzməyib. Üstə­lik, bu qərar layihəsi müzakirə olunur, onun üzərində iş gedir. Bizim üçün əsas o idi ki, təəssüratımıza görə, KT­MT-nin məsuliyyət zonası aydın deyil. Fikrimizcə, bu, bir qədər problemlidir. Amma bir daha deyirəm, qərar layihəsi masa üzərindədir, iş davam edir”.

Lavrov həmin mətbuat konfran­sında Mirzoyanın boynuna nəyisə qo­yurmuş kimi, onun fikirlərinə dəstək nümayiş etdirib: “Mən Mirzoyanın in­dicə dediklərindən, yəni, Ermənistanın KTMT missiyasının yerləşdirilməsi ilə bağlı qərarı imzalamaqdan imtina et­məməsindən məmnun olduğumu bil­dirmək istərdim. Bu, 2022-ci il noyabrın 23-də Mirzoyanın sədrliyi ilə İrəvanda, KTMT-nin sammiti ərəfəsində, saatlar­la aparılan danışıqların mövzusu olub. Məsələ bütün nazirlər tərəfindən razı­laşdırılıb. İndi kiçik bir şey var: dövlət və hökumət başçıları da öz imzalarını atsınlar. Bu ehtimal qalır. KTMT buna hazırdır. Biz bu hazırlığı bilirik. Şadam ki, Ermənistan regionda təhlükəsizliyin təminatı maraqlarına cavab verən für­sətdən imtina etmədi”.

Ancaq görünən budur ki, Lavrov Mirzoyanın boynuna nə isə qoya bil­mədi. Daha doğrusu, birinci vəziyyəti ölkəsinin xeyrinə dəyişməyi bacarma­dı. Çünki Ermənistanda Rusiyaya inam yoxdur. İrəvanın hakim siyasi dairələri Lavrovun fikirlərinə nəzər salıb hesab etdilər ki, Moskvanın gətirdiyi arqu­mentlər qənaətbəxş sayıla bilməz. On­ların söylədiklərinə görə, Rusiya XİN rəhbərinin Donbas və Kosovonı Qara­bağ münaqişəsinin həllində presedent kimi götürməsi mənasızdır. Çünki hə­min məsələlər beynəlxalq birlik tərəfin­dən dəstək qazanmayıb. 

Əlbəttə, qeyd etdiklərimiz Ermənis­tanın KTMT müstəvisindəki anti-Rusi­ya ritorikasının davamlı olacağından xəbər verirdi və oldu da. Bu ritorikanın kifayət qədər güclü mahiyyət daşıdığı­nı nəzərə alsaq, hazırda Qaluzinin bil­dirdikləri dərin quyuya daş atmaqdan başqa bir şey deyil. 

Məsələn, Rusiya XİN başçısının müavini deyir ki, erməni tərəfinin bütün narahatlıqları KTMT-də mövcud olan qarşılıqlı fəaliyyət formatları çərçivə­sində – Daimi Şuranın iclaslarından tutmuş, ən yüksək orqan olan Kollektiv Təhlükəsizlik Şurasına qədər müzakirə olunur. 

Heç şübhəsiz, bunu dinləyən Pa­şinyan və ya Simonyan, ya da qeyrisi bircə kəlmə deyəcək: Hə, nə olsun? Paşinyanın istəyi budur ki, KTMT Azər­baycanla hərbi toqquşmaya getsin. İrəvan Bakını öz təhlükəsizliyinə təhdid qismində gördüyünü açıqlayır. Qaluzin isə bildirir: “Biz öz tərəfimizdən Ermə­nistanın təhlükəsizliyinin təmin edil­məsi, onun maraqları naminə Ermə­nistan-Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsi planlarını, habelə KTMT kollektivinin müvafiq qə­rar layihəsində nəzərdə tutulmuş digər yardım tədbirlərini həyata keçirməyə hazır olduğumuzu təsdiqləyirik”.

Əlbəttə, Paşinyanın KTMT-ni Azər­baycana qarşı qoymaq cəhdləri mani­pulyasiyadır. Məlumdur ki, birincisi, er­məni baş nazir qurumda təmsil olunan dövlətlərin hər birininin Azərbaycanla kifayət qədər möhkəm əməkdaşılığı­nın olduğunu gözəl anlayır. İkincisi isə hətta nəzəri baxımdan düşünsək ki, KTMT hərbi planda Azərbaycana qarşı çıxır, İrəvanın daha hansısa bəhanələr tapmayacağına təminat yoxdur. Həm də buna görə Rusiya rəsmiləri hazırda ehtiyatlıdırlar. Onlar yaxşı başa düşür­lər ki, Paşinyan kimi avantüristə görə Azərbaycanla münasibətləri kəskinləş­dirməyə dəyməz. Onsuz da hazırda Qarabağdakı Rusiya sülhməramlıları­nın erməni təəssübkeşliyi səbəbindən, Bakıdan Moskvaya qarşı xoş olmayan fikirlər eşidilməkdədir. Hazırkı məqam­da prosesə KTMT-nin qoşulması isə erməni ambisiyalarına tam dəstəkdir ki, bunu Rusiya istəsə də, qurumdakı digər üzvlərin məsələyə qarşı çıxacaq­ları birmənalıdır. Belə olan halda Kreml nəyə görə KTMT daxilində ziddiyyətlə­rin yaranmasını istəsin ki? Onsuz da problemləri yetərincədir. 

Qaluzin isə Ermənistanı anti-KT­MT mövqeyindən daşındırmağa çalış­maqla, belə demək mümkünsə, İrəva­nın başının altına yastıq qoymağı da unutmur. Məsələn, o deyir ki, KTMT quruma üzv ölkələrin liderlərinin ötənilki görüşləri zamanı qəbul olunmuş qərarların icrası üçün intensiv prosesə başlayıb. “Əsasən, Ermənistanın sədrliyi sayəsində KTMT-nin kollektiv təh­lükəsizliyimizə qarşı çağırış və təhdid­ləri dəf etmək imkanlarının artırılması naminə çox işlər görülüb. Mən vurğula­maq istərdim ki, əldə olunan nəticələr koordinasiyalı, səmərəli və maraqlı iş aparılmadan mümkün olmazdı”, – deyən Rusiya XİN rəsmisi hansısa konkretləşdirmə aparmır. Ancaq, hətta, bunu etsə belə, hazırda məsələnin Er­mənistan hakimiyyətini maraqlandırdı­ğını söyləmək mümkünsüzdür. Çünki bu hakimiyyət, tamamilə, Qərbə yıxılıb və proses hər ötən gün bir qədər də dərinləşməkdədir. 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət