Fransa “unikal” ölkədir. Dünyanın müxtəlif ölkələrini insan hüquq və azadlıqlarına əməl etməyə, cinayətlərə göz yummamağa, hər zaman ədalətin yanında olmağa çağıran fransızlar bir çox hallarda bunun tam əksinə hərəkət edirlər. Afrikanın savannalarında “terrorist” ovuna çıxan fransızlar, nədənsə, terrorçulara qucaq açırlar. Bu günlərdə Fransa Ali Məhkəməsinin qəbul etdiyi qərar da belə deməyə əsas verir.
“Associated Press” xəbər verir ki, ötən çərşənbə axşamı Fransanın Ali Məhkəməsi 1970 və 1980-ci illərdə İtaliyada törətdikləri cinayətə görə məhkum edilmiş ikisi qadın, səkkizi kişi olmaqla on keçmiş ifrat solçu döyüşçünün – terrorçunun ekstradisiyasına qarşı qərar çıxarıb. Həmin canilər bir generalı öldürdüklərinə və iki hakimi qaçırdıqlarına görə İtaliyada mühakimə edilmişdilər. Məlumata görə, sözügedən terrorçular məhkum olunduqdan sonra İtaliyadan Fransaya qaçıblar. Onların indi 62-79 yaşları var və ötən müddət ərzində Fransada sərbəst yaşayıblar.
Sağlam məntiq belə düşünməyə əsas verir ki, Avropa Birliyinin təsisçilərindən biri olan Fransa beynəlxalq qanunvericiliyi əsas götürərək caniləri İtaliyaya təhvil verməlidir. Ancaq Paris Məhkəməsi bu dəfə də onların ekstradisiyasına qarşı qərar çıxarıb. Doğrudur, ötən il bu qərardan şikayət verilsə də, Fransa Ali Məhkəməsinin çərşənbə axşamı çıxardığı qərar onilliklər boyu davam edən məhkəmə işində Fransanın son hüquqi qərarı olub.
Siyasi müşahidəçilər bildirirlər ki, Fransa hakimiyyətinin italyan terrorçuların təhvil verilməsinə müqavimət göstərməsi uzun müddət Paris və Roma arasında kəskin problemə çevrilib. Belə ki, ötən müddət ərzində İtaliya Fransada olduğu güman edilən təxminən 200 məhkum keçmiş döyüşçünün ekstradisiyasını tələb edib. 1980-ci illərin o vaxtkı Prezidenti Fransua Mitteranın adını daşıyan “Mitteran doktrinası” kimi tanınan siyasətə əsasən, Fransa İtaliyanın ifrat solçu fəallarının “qanlı cinayətlər” törətdiklərini təsdiqləyən sübutlar olmadığı təqdirdə onları ekstradisiya etməkdən boyun qaçırıb.
Əlbəttə ki, fransızların bu addımı İtaliya hökumətinin narazılığına səbəb olub və italyanlar Fransanın irəli sürdüyü meyarları qeyri-müəyyənlik kimi qiymətləndirirlər. Rəsmi Roma bildirir ki, “Mitteran doktrinası” İtaliyanın demokratik azadlıqlara Fransadan daha az hörmət etdiyi barədə yanlış təsəvvürə əsaslanır. Bununla belə, Fransa Ali Məhkəməsi tərəfindən rədd edilən ekstradisiya tələblərinə məruz qalan 10 nəfərin əksəriyyəti 2021-ci ilin aprelində Fransadakı evlərində həbs edilib. Həmin həbsi İtaliya hökuməti tarixi hadisə adlandırmışdı. O vaxtdan bəri onlar Fransa məhkəməsinin nəzarəti altında saxlanılırlar.
Qərb mətbuatı yazır ki, Fransada sərbəst yaşayan həmin italyanların bəziləri 1970-1980-ci illərdə qətl və adam oğurluğu ilə məşğul olan “Qırmızı briqada” qruplaşması ilə əlaqəlidirlər. Fransa Ali Məhkəməsi, həmçinin ingilis dilindən tərcümədə “Mübarizə davam edir” mənasını verən ifrat solçu “Lotta Continua”dan olan yaraqlı Giorgio Petrostefaninin ekstradisiya edilməsinə qarşı çıxıb. Bundan başqa, uzun müddət İtaliyada qanlı terror aktları törədən “Qırmızı briqada” terror təşkilatının digər üzvü Marina Petrella 15 il Fransada sərbəst yaşadıqdan sonra Romanın tələbi ilə 2007-ci ildə Paris yaxınlığında həbs edilmişdi. O, 1972-ci ildə Milanın polis rəisi Luici Kalabresinin qətlində təqsirli bilinərək 22 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Əfv etmək hüququ olmayan Fransanın sabiq Prezidenti N.Sarkozi 2008-ci ildə G8 sammitində İtaliyanın sabiq Baş naziri Silvio Berluskoniyə Petrelanın əfv olunmaq şərti ilə İtaliyaya ekstradisiya ediləcəyini bildirmişdi. Yəni, Petrelanı qeyd-şərtsiz ekstradisiya etməyə məcbur olan Fransa Prezidenti İtaliyanın Baş nazirindən onun əfv zəmanətini almışdı.
Əslində, bu, Fransanın atdığı ilk belə addım deyil. Beşinçi Respublikanın yaxın tarixində belə nümunələr az deyil. Varuzan Karapetyan 1985-ci ildə Parisdə münsiflər heyəti tərəfindən təqsirli bilinərək 1983-cü il iyulun 15-də Orli Hava Limanında törədilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Erməni mənbələrinin məlumatına görə, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın müraciətindən və ASALA-nın 2001-ci il aprelin 24-də yenidən terror aksiyalarına başlamaq təhdidlərindən sonra Ermənistan vətəndaşı olmadığı üçün V.Karapetyan bu ölkəyə ekstradisiya edilmiş və quldur R.Köçəryanın qərarı ilə əfv olunmuşdu. Terrorçu V.Karapetyan sabiq baş nazir Andronik Markaryan səviyyəsində qəbul edilmiş və ictimaiyyətə “qəhrəman” kimi təqdim olunmuşdu. V.Karapetyanın törətdiyi cinayətin iştirakçısı olan digər terrorçu Suren Nayriyan da 1994-cü ildə azadlığa çıxandan sonra Ermənistana qayıtmışdı.
Qatı terrorçu, ASALA-nın üzvü Monte Melkonyan 1981-ci ildə Türkiyənin Parisdəki səfirliyinin ələ keçirilməsi əməliyyatını planlaşdırdığına və kömək etdiyinə görə həbs olunsa da, elə həmin il azadlığa buraxılmışdı. 1985-ci ildə o, Parisdə terror fəaliyyətinə və qanunsuz silah saxladığına görə 6 il müddətinə azadlıqdan məhrum edilsə də, 1989-cu ildə azad olunmuşdu. Fransızlar onun cinayətlərinə göz yumaraq, terrorçunu sərbəst buraxmışdılar. Bununla da, Fransa “Femidası” sonrakı cinayətlərin əsasını qoymağa ona şərait yaratmışdı. Çünki terrorçu M.Melkonyan Birinci Qarabağ müharibəsində Ermənistan ordusunun silahlı birləşmələrindən birinə komandanlıq edərək, Azərbaycanın mülki əhalisinə qarşı qəddarlıq etmişdi.
Bu da son deyil. 1981-ci ildə Vazgen Sislyan Türkiyənin Parisdəki səfirliyinə qarşı törədilən Van əməliyyatının təşkilatçısı kimi həbs olunsa da, 1986-cı ildə o və hücumun digər iki iştirakçısı Hakob Culfayan və Gevorq Gezalyan ilə birlikdə azadlığa buraxılmışdı. Hər üçü əvvəlcə Livana, sonra isə Ermənistanda daimi iqamətgahına yollanmışdılar. Vazgen Sislyan və Gevorq Gezalyan Ermənistan ordusunun tərkibində 1992-ci ildə Qarabağ müharibəsində iştirak etmişdilər. G.Gezalyan “Metsn Murad” dəstəsinin komandiri, Vazgen Sislyan isə “Qarabağ müharibəsi qəhrəmanı” olmuşdu.
S.ELAY, “Xalq qəzeti”