Nazir Ceyhun Bayramov fələstinli həmkarı ilə görüşüb

post-img

Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədəki cari vəziyyət müzakirə mövzusu olub.

Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda, Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilçilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafına daha böyük təkan verəcəyinə dair inam ifadə olunub.

Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, habelə Qoşulmama Hərəkatı çərçivəsində göstərilən qarşılıqlı dəstəyin təqdirəlayiq olduğu, bu xüsusda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

Nazir Riyad Əl-Maliki Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmət, həmrəylik və dostluğa əsaslanan münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, habelə siyasi dialoqun əhəmiyyətini vurğulayıb. Fələstin Dövlətinin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin təşkilatın inkişafına mühüm töhfələr verdiyini, onun daha da gücləndirilməsinə xidmət etdiyini bildirib.

Siyasət