“Azərbaycan şeir antologiyası” özbək dilində

post-img

Bu yaxınlarda Özbəkistanda Dilbər Heydərovanın tərcüməsində “Azərbaycan şeir antologiyası” çapdan çıxıb. Bu antologiya XII əsrdən üzübəri 120 Azərbaycan şairinin yaradıcılığını əhatə edir. Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda həmin kitabın təqdimat mərasimi keçirildi.

Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan–Özbəkistan ədəbi əlaqələri­nin çoxəsrlik zəngin tarixi var. Müstəqil­lik qazandığımız son 32 ildə bu əlaqələr yeni müstəvidə uğurla davam etdirilir. Qarşılıqlı səfərlər olur, Azərbaycan ədə­biyyatının Özbəkistanda, özbək ədəbiy­yatının Azərbaycanda təbliği geniş vüsət alır. Ötən ilin iyununda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri za­manı Prezident Şavkat Mirziyoyev ölkə­mizin rəhbərinə Məhəmməd Füzulinin əlyazmasını hədiyyə edib və bunu bizim ümumi sərvətimiz kimi dəyərləndirib. Bu ilin mart ayında Özbəkistan Prezidenti­nin sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, TÜRKSOY Yazıçılar Birli­yinin fəxri prezidenti, Xalq yazıçısı Anara “Dostluq” ordeni təqdim olunub.

Daha sonra ədəbi əlaqələr sahəsində özbək yazarlarından Xasiyyət Rüstəmin, Rəhmət Babacanın və digər tanınmış qələm adamlarının müstəsna rolu qeyd edildi və şair-tərcüməçi Dilbər Heydərova iştirakçılara təqdim olundu. Dilbər xanım Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Davamlı olaraq Azərbaycan poeziyasından tər­cümələr etməklə məşğuldur, şeir və nəsr nümunələri dünyanın bir çox dillərinə tər­cümə olunub. 

Azərbaycanlı qələm dostlarının əhatəsində onunla söhbət fürsətini yaxa­lamaq bir az çətin oldu. Təqdimat mə­rasimindən sonra da digər tədbirlərdə iştirak edəcəyindən çox tələsirdi. Amma ayaqüstü də olsa, söhbətləşə bildik və eksklüziv müsahibəmiz baş tutdu. 

– Dilbər xanım, Azərbaycana xoş gəlmisiniz!

– Təşəkkür edirəm! Azərbaycan hər zaman bizim könlümüzdədir. Bakıya ilk gəlişim deyil, əvvəllər də səfərlərim olub. Burada çoxlu dostlarım var, onlarla bir yerdə olmaqdan böyük məmnunluq hissi keçirirəm. Bizim xalqların ədəbi dostluq tarixinə nəzər salanda öncə Səməd Vur­ğun–Qafur Qulam, Mirvarid Dilbazi–Zül­fiyyə dostluqları xatırlanır. Bu əlaqələr hər iki xalqın ədəbiyyatının yaxınlaşma­sına xidmət edib və buna görə bu gün də onları minnətdarlıqla xatırlayırıq. Hazırda biz həmin ənənəni davam etdirmək üçün çalışırıq. Qələm dostlarımızla görüşmək isə ayrı zövqdür. Mən Azərbaycan poezi­yasını çox sevirəm.

– Necə oldu ki, belə bir kitabı ər­səyə gətirdiniz?

– Zaman-zaman Azərbaycan poe­ziyasıyla maraqlanmışam və ara-sıra sevdiyim şairlərin şeirlərini özbək dilinə tərcümə etmişəm. Bir də baxıb gördüm ki, şeirlərini tərcümə etdiyim şairlərin sayı 100-ü keçib. Ömrümün 6 ilini bu işə sərf etmişəm. Sonra düşündüm ki, bu şeirləri bir yerə toplayıb antologiya kimi çap etdirək, özbək oxucuları Azərbaycan poeziyasını küll halında oxumaq imkanı qazansınlar. Kitaba ön sözü filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova yazıb. 

– Topluda hansı şairlərin əsərləri yer alır?

– İmadəddin Nəsimidən üzübəri Xur­şudbanu Natavana, Bəxtiyar Vahabza­dəyə, Məmməd Araza qədər Azərbaycan poeziyasının müxtəlif dövlərdə yaşamış böyük şairlərinin şeirlərini çevirmişəm. Müasir şairlərdən Səlim Babullaoğlu, Baba Vəziroğlu, Rüstəm Behrudi, Adil Cəmil, Maarif Soltan, İbrahim İlyaslı və digər tanınmış şairlərin şeirlərindən seç­mələr də var. 

– Bu antologiyanın davamı olacaqmı?

– Təbii, mütəmadi olaraq Azərbaycan şairlərinin sevdiyim şeirlərini özbəkcəyə çevirmək artıq sevimli peşə vərdişimə çevrilib. Şübhəsiz, bu iş gələcəkdə də da­vam etdiriləcək, əməkdaşlığımız daha da genişlənəcək. Bu antologiya Azərbaycan ədəbiyyatının Özbəkistanda daha dərin­dən öyrənilməsi üçün bir mənbə olacaq. Azərbaycan–özbək ədəbi əlaqələrinin inkişafına töhfə verməyə çalışmışam və bundan çox məmnunam. 

– Səfər təəssüratınız necədir?

– Möhtəşəm. Bütün azərbaycanlı qələm dostlarıma sevgi və sayğılarımı çatdırıram. Burda hörmət-izzət, təbii bir mehribanlıq gördüm, bu, məni xoşbəxt elədi. Təəssüratlarım zəngindir və öm­rüm boyu bu mehmannəvazlığı unutma­yacağam. Bu tədbirdə də Azərbaycanın tanınmış qələm adamlarını gördüm, fərəhləndim. Gəncə və Sumqayıt görüş­ləri də qəlbimi dağa döndərdi. Bu doğma münasibət çox qürurvericidir. 

Görürəm ki, sizlər özbək mədəniy­yəti ilə yaxından tanışsınız, bizim ədə­biyyatımızı izləyirsiniz, tarixi köklərinə bələdsiniz. Özbək ədəbiyyatının böyük şairi Əlişir Nəvai Azərbaycanda sevilir. Bu kontekstdə xeyli işlər görülüb. Eyni zamanda, Özbəkistanda da Azərbay­canın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi dərindən öyrənilir. Bildi­yimiz kimi, Nəvai Nizaminin əsərlərindən ilham alıb, onu “şairlərin şahı” adlandırıb. Digər klassik Azərbaycan şairlərinin də ədəbi irsi tədqiqatçılar tərəfindən araşdır­malara cəlb olunur. Biz də bu yolu davam etdirməyə çalışırıq.

– Dilbər xanım, sizə bu yolda uğur­lar arzulayırıq. Yəqin ki, gələcəkdə Azərbaycanda da kitabınızın nəşrini planlaşdırırsınız.

– Sağlıq olsun. Əsas odur ki, dəyərli kitablar hasilə gətirək. 

 

Kənan HACI,
yazıçı-publisist



Müsahibə