“Müstəqillik tariximiz 105 ildə”

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illik yubileyinə həsr olunmuş “Müstəqillik tariximiz 105 ildə” adlı tədbir keçirilib. 

Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, veteran təşkilatlarının və respublikada fəaliyyət göstərən QHT nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   

Tədbirdə muzeyin rəisi polkovnik Əzizağa Qənizadə və tədqiqatçı baş elmi işçisi Vahid İsmayılovun məruzələri dinlənilib. 

Qeyd edilib ki, 1918-ci il mayın 28-də “İstiqlal Bəyannaməsi” ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradılması müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, ölkəmizin tarixində mühüm hadisə idi. Belə ki, əsrlər boyu azadlıq arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. 

İyunda bu əlamətdar hadisənin 105-ci ildönümünün tamam olduğunu bildirən Ə.Qənizadə vurğulayıb ki, 1993-cü ilin ikinci yarısından ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin möhkəmlənməsinə şərait yaratdı: “Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət və ordu quruculuğu nəticəsində Azərbaycan regionun ən qüdrətli ölkələrindən birinə çevrildi, ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Ötən əsrin 90-cı illərində havadarlarının hərtərəfli köməyi ilə Ermənistan ordusu tərəfindən işğal edilmiş Qarabağın dağlıq hissəsi və ətrafdakı 7 rayon Silahlı Qüvvələrimizin gücü ilə işğalçılardan təmizləndi. 44 gün çəkmiş Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı”. 

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və inkişafına həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub. 

Tədbir bədii hissə ilə davam edib. 

L.QURBANOVA,

“Xalq qəzeti”









Mədəniyyət