Azərbaycanlı rejissorun filmi Sankt-Peterburqda nümayiş etdirilib

post-img

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən V.V. Mayakovski adına kitabxanada “Əlvida, Şmidt!” bədii filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub.

Əvvəlcə Mayakovski adına kitabxananın Şərq mədəniyyəti mərkəzinin direktoru Mariya Zueva və filmin kitabxanada nümayişinin təşəbbüskarı və təşkilatçısı türkoloq, yazıçı Şahnaz Kamal çıxış ediblər.

Daha sonra film nümayiş edilib.

Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır. Tragikomediya janrında çəkilmiş ekran əsərində Azərbaycanda dünyaya gələn alman Emil Şmidtin başına gələn hadisələrdən bəhs olunur.

Filmdə rolları Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı, Əməkdar artistlər Zemfira Sadıqova, Rasim Cəfərov, aktyorlar Azər Aydəmir və başqaları canlandırıblar.

Filmin nümayişindən sonra rejissor Əli-Səttar Quliyev və baş rolun ifaçısı Azər Aydəmirlə onlayn görüş olub. Tamaşaçılar rejissora və aktyora onları maraqlandıran suallar verib, xoş arzularını bildirib, filmi çox bəyəndiklərini deyiblər.

Əli-Səttar Quliyev filmin çəkiliş prosesi, iştirak etdiyi festivallar haqında məlumat verib, Azər Aydəmir isə filmin məğzi, çatdırmaq istədiyi mesajlar haqqında danışıblar.

Mədəniyyət