Astanada Türk Akademiyasının 15 illiyi və Ümumdünya Türk Dili Ailəsi Gününə həsr olunan tədbir keçirilib

post-img

Astanada Türk Akademiyasının 15 illiyi və UNESCO tərəfindən təsis edilmiş Ümumdünya Türk Dili Ailəsi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbir çərçivəsində Türk Akademiyasının 15 illik fəaliyyəti ərzində çap olunan elmi nəşrlərin sərgisi təşkil edilib və sərgidə Akademiyanın əsas elmi iş sahələrini əks etdirən əsərlər nümayiş olunub.

 İştirakçılar Türk Akademiyasının təşəkkülünün və inkişafının ən əhəmiyyətli mərhələlərini, beynəlxalq layihələrini, elmi ekspedisiyalarını, arxeoloji tədqiqatlarını, eləcə də türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən əsas tədbirləri və təşəbbüsləri əks etdirən fotoqalereya ilə tanış olublar.

 Tədbirdə Türk Akademiyasının prezidenti akademik Şain Mustafayev, Qazaxıstan elm və ali təhsil naziri Sayasat Nurbek, ictimai xadim, diplomat və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının keçmiş üzvü, professor Adil Əhmədov və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, professor Janseit Tuymebayev təbrik nitqləri ilə çıxış ediblər.

 Yubiley tədbirində Qazaxıstan Parlamentinin üzvləri, türk dünyasındakı ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, Türk Dövlətləri Təşkilatlarının nümayəndələri, dövlət qurumlarının rəhbərləri, Qazaxıstanın aparıcı universitetlərinin rektorları, tanınmış elm adamları, jurnalistlər iştirak ediblər.

 Türk Akademiyasının prezidenti Şahin Mustafayev yubiley tədbirinin Qazaxıstanda keçirilməsinin xüsusi simvolik əhəmiyyətini vurğulayaraq, Türk Akademiyasının yaradılması təşəbbüsünü 2009-cu ildə Naxçıvanda keçirilən Türk Dövlətlərinin Zirvə Toplantısında irəli sürüldüyünü və təşkilatın təməlinin 2010-cu ildə Astanada qoyulduğunu qeyd edib.

 Akademiya rəhbəri qeyd edib ki, son 15 ildə təşkilat özünü türk məkanı üçün nadir ortaq tədqiqat mərkəzi kimi təsdiqləyib və elmi əməkdaşlığın inkişafına, ortaq tarixi və mədəni irsin qorunmasına və türk dövlətlərinin intellektual inteqrasiyasının gücləndirilməsinə mühüm töhfələr verib.

 Akademiya tarix, arxeologiya, etnoqrafiya, ədəbiyyat, dilçilik, terminologiya, incəsənət və sosial-iqtisadi sahələrdə fundamental layihələr həyata keçirir. Bu tədqiqatlar türk birliyinin möhkəmləndirilməsinə və biliklərin gələcək nəsillərə ötürülməsinə yönəlmiş elmi nəşrlərin yaranmasına səbəb olub. Xüsusilə Monqolustanda (Nomqon) və Qazaxıstanın Jankent və Manqistau bölgələrində arxeoloji tədqiqatlara diqqət yetirilib və nəticələri elmi ictimaiyyətə geniş şəkildə təqdim olunub. Akademiyanın rəhbəri bildirib ki, ötən il Akademiyanın dəstəyi ilə Ortaq Türk Əlifbası qəbul edilib və dövlət başçılarının xahişi ilə "Türk Dövlətlərinin Tarixi" adlı akademik monoqrafiya hazırlanır.

 Ş.Mustafayev həmçinin vurğulayıb ki, Akademiya müxtəlif mübadilə proqramları, Türk Dünyası Universitetləri Birliyi (TURKUNIB) və ORHUN təşəbbüsü vasitəsilə elm və təhsildə inteqrasiyanı fəal şəkildə inkişaf etdirir və ortaq elmi və intellektual məkanın formalaşması üçün platforma yaradır. O  qeyd edib ki, gələcəkdə Akademiya elmi diplomatiyanı genişləndirməyə və türk dövlətləri arasında mədəni və akademik əməkdaşlığı gücləndirməyə davam edəcək.

 Çıxışını yekunlaşdıran Ş. Mustafayev Qazaxıstanın inkişaf etməkdə olan regional elm və təhsil mərkəzi kimi rolunu vurğulayaraq, birgə tədqiqatların, akademik mobilliyin və elm diplomatiyasının əhəmiyyətini qeyd edib. O  hər kəsi Dünya Türk Dili Günü münasibətilə təbrik edərək, türk xalqlarının ortaq dil və mədəni irsinin qorunması və təşviq edilməsinin vacibliyini vurğulayıb.

Rəsmi qəbul türk konsert proqramı ilə başa çatıb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd















Mədəniyyət