Doktorantların və gənc tədqiqatçıların elmi məclisi

post-img

XXVIII respublika konfransında 610 məruzə dinlənilir

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Doktorantların və gənc tədqiqatçıların XXVIII respublika elmi konfransı”nın açılış mərasimi olub. Konfransın keçirilməsində əsas məqsəd gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, elmi fikir mübadiləsi və təcrübə paylaşımı üçün platforma yaratmaqdır.

Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak edirlər.

ADNSU-nun rektoru Rüfət Əzizov açılış nitqində uzun illərdir konfransın ölkənin elmi həyatında mühüm platforma rolunu oynadığını bildirdi. XXVIII konfransda dayanıqlı inkişaf məqsədlərinin əhatə olunduğunu vurğulayan rektor statistik göstəricilərə əsaslanaraq qeyd etdi ki, bu məclis ölkəmizdə iştirakçı sayına görə liderdir. Eyni zamanda, qəbul edilmiş məqalələrin sayı 600-ü ötüb, konfransa Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və institutun doktorant və gənc tədqiqatçılarının tezisləri qəbul olunub. Rektor ADNSU-da gənc alimlər üçün yaradılmış elmi mühitdən və gənc tədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan danışaraq dedi:

– Builki konfrans əvvəlki illərlə müqayisədə böyük maraqla qarşılanıb və rekord sayda - 649 iştirakçı öz elmi materialları ilə konfransa müraciət edib. Daxil olan müraciətlər konfransın müəyyən edilmiş tələblərinə uyğun şəkildə qiymətləndirilib və nəticədə 610 elmi iş qəbul olunub. Bu göstərici ümumi müraciətlərin təxminən 93 faizini təşkil edir və konfransın həm elmi səviyyəsinin, həm də təqdim olunan materialların keyfiyyətinin yüksək olduğunu deməyə əsas verir.Vurğulamaq istərdim ki, cari il konfransda iştirak edən doktorantlar və gənc tədqiqatçılar ölkə daxilində 61 ali təhsil müəssisəsi və elmi tədqiqat institutunu təmsil edirlər.

Konfrans beynəlxalq miqyasda da maraq doğurub. Belə ki, xarici ölkələrin 11 universitetindən, xüsusilə Türkiyə və Almaniyada təhsil alan doktorantlardan materiallar göndərilib. Bu baxımdan qeyd etmək olar ki, istər iştirakçı sayına, istərsə də təqdim olunan materialların keyfiyyətinə görə NASCO XXVIII indiyədək keçirilən konfranslar arasında ən yüksək göstəricilərlə yadda qalıb.

Konfransın əhəmiyyəti ondan ibarətdir ki, bu platforma ölkəmizdə gənc tədqiqatçılar və doktorantların elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, eləcə də elmi nəşrlərin beynəlxalq standartlara uyğun hazırlanması sahəsində təcrübələrinin artırılması üçün geniş imkanlar yaradır. Qeyd etmək lazımdır ki, bu ildən etibarən konfransın qəbul qaydaları daha da təkmilləşdirilib, qəbul olunan hər bir elmi məqaləyə müvafiq sahə üzrə digər mütəxəssislər tərəfindən əlavə rəy verilir.

Eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin son illərdə əldə etdiyi elmi tədqiqat nəticələrini də təqdim etdik. Diqqətinizə çatdırım ki, son beş il ərzində universitetin elmi tədqiqat göstəriciləri təxminən 5,5 dəfə artıb. Kəmiyyət artımı ilə yanaşı, elmi məqalələrə istinadların sayı da təqribən 4 dəfə yüksəlib. Bu göstəricilər universitetdə elmin inkişafının keyfiyyət baxımından da dinamik xarakter aldığını göstərir. Onu da deyim ki, bu cür ölçüləbilən meyarların olması elmin hansı istiqamətdə inkişaf etdiyini, gələcəkdə hansı resurslara ehtiyac olduğunu aydın şəkildə ortaya qoyur. Bu isə təkcə ADNSU-nun deyil, ümumilikdə respublikamızda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin inkişaf strategiyalarının hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Elm və təhsil naziri Emin Əmrullayev ölkənin elm və təhsil sahəsində əldə olunmuş nailiyyətlər və gələcək prioritetlər barədə danışdı. Nazir çıxışında xüsusilə vurğuladı ki, elm və təhsil ölkəmiz üçün strateji prioritetdir və məqsəd nəzəri biliklərin artırılması ilə yanaşı, həm də elmin iqtisadiyyat və cəmiyyətlə inteqrasiyasını gücləndirməkdir.

Sentyabr ayından etibarən ölkədə tətbiq olunacaq yeni nəsil doktorantura proqramları gənc alimlərə elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun aparmağa imkan verəcək. Ali təhsildə multidisiplinar yanaşmanın genişləndirilməsi, AMEA-da aparılan struktur islahatları, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsi, startap ekosistemi və texnoparkların inkişafı Azərbaycan elmi potensialını gücləndirib. Bu islahatlar və təşəbbüslər ölkəmizin elm və innovasiya sahəsində gələcək inkişafına əsas yaradır.

Nazir çıxışının sonunda konfransın elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacib platforma olduğunu qeyd edərək konfransın işinə uğurlar arzuladı.

Qeyd edək ki, 2 gün davam edəcək konfrans çərçivəsində “Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri”, “Elm əsaslı innovasiya” mövzularında panel müzakirələr aparılacaq və müxtəlif elmi istiqamətləri əhatə edən məruzələr dinləniləcək.

Mehparə ƏLİYEVA
XQ



Mədəniyyət