Ceyms Kemeron milyarder oldu: “Avatar”ın rejissoru Forbes-in elit siyahısına daxil edilib

post-img

Məşhur rejissor Ceyms Kemeron rəsmi olaraq milyarder statusu qazanıb. "Forbes" jurnalının məlumatına görə, 71 yaşlı rejissorun sərvəti 1,1 milyard dollar dəyərində qiymətləndirilir. Bununla da o, Corc Lukas, Stiven Spilberq, Piter Cekson və Tayler Perri ilə birgə milyarder kinorejissorların qapalı klubuna daxil olub.

Qeyd olunur ki, Kemeron bu siyahıda xüsusi yer tutur. Belə ki, o, sərvətinin əsas hissəsini məhz öz filmlərindən əldə edən yeganə rejissordur. Onun ekran işlərinin dünya üzrə ümumi kassa gəliri 9 milyard dolları ötür. Daşınmaz əmlak, ekoloji layihələr, bitki əsaslı qida təşəbbüsləri və dərin dəniz tədqiqatlarına investisiyalar etsə də, rejissorun əsas gəlir mənbəyi filmlərdən əldə edilən qonorarlar, mənfəət payları, tematik parklar, oyuncaqların lisenziyalaşdırılması və Lightstorm Entertainment şirkətindəki payıdır.

Ceyms Kemeronun milyarder statusu xüsusilə yeni filmi -“Avatar: Od və Kül"ün premyerası ərəfəsində diqqət çəkir. Forbesin proqnozuna əsasən, film gözləntiləri doğruldacağı təqdirdə, rejissor hələ vergilər və digər xərclər çıxılmadan ən azı 200 milyon dollar gəlir əldə edə bilər.

S.ELAY

XQ

Mədəniyyət