Bəxtiyar VAHABZADƏ – 100
Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar ədəbi-musiqili məclis keçirilib.
Muzeyin direktoru, akademik Rafael Hüseynov mərasimi açaraq görkəmli şairin mübarizələr, həqiqət axtarışları uğrunda keçmiş ömür yoluna nəzər salıb, onun zəngin ədəbi irsi, milli poeziyada yaratdığı yeniliklər haqqında məlumat verib. O, Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə Azərbaycan xalqının və mənəviyyatının bir hissəsinə çevrilmiş böyük insan olduğunu vurğulayıb. Qeyd edib ki, sağlığında da canlı tarix olan Bəxtiyar Vahabzadə sadəcə istedadlı söz ustası deyil, millətinin varlığı, taleyi, ruhu ilə qovuşmuş bir yurd fədaisidir. Şair bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır. Şair xalqımızın ən çətin günlərində önə çıxmaqdan, sözünü deməkdən heç zaman çəkinməyib, mübarizlik ruhu ilə seçilib.
Böyük şairin əbədiyaşarlıq qazanmış insan kimi anıldığını deyən akademik Rafael Hüseynov Bəxtiyar Vahabzadənin yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının ortaq şəxsiyyəti, qüdrətli söz ustası olduğunu vurğulayıb. Əlavə edib ki, yorulmaz qələmi, hüdudsuz düşüncələri ilə millətinə xidmət etmiş Bəxtiyar Vahabzadənin poeziyasında insanı azadlığa, dürüstlüyə, Vətənə sədaqətə aparan güclü bir ruh var. Onun bir şair və vətəndaş olaraq qayəsi öz Vətənini bütöv, ölkəsini müstəqil, xalqını azad görmək olub.
Akademik Rafael Hüseynov şairlə bağlı xatirələrini bölüşərək, Bəxtiyar Vahabzadənin Azərbaycanın böyük idealları uğrunda mübarizə apardığını, ötən əsrin 60-cı illərindən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olduğunu deyib. Bildirib ki, ustad şairimizin Sovet imperiyasının repressiya maşının ən güclü vaxtlarında “Gülüstan” poemasını qələmə aldığı zaman üzləşdiyi çətinliklərdən danışıb. O zaman ulu öndər Heydər Əliyev Bəxtiyar Vahabzadəni təhlükədən xilas edib, həbs olunmağa qoymayıb, onu yüksək ad və mükafatlarla təltif edib.
Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığının böyük ədəbi-məfkurəvi məktəb olduğunu söyləyən akademik Rafael Hüseynov şairin həm də müəllimlik etdiyini, Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda daim mübarizə apardığını vurğulayıb. O qeyd edib ki, Xalq şairi Bəxtiyar Vahabzadə elmi-ictimai fəaliyyəti, böyük şəxsiyyəti, zəngin irsi və bütövlüyü ilə Azərbaycan oxucusunun qəlbində həmişə yaşayacaq.
Ədəbiyyat Muzeyinin Həmkarlar İttifaqı Komitəsi və məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin birgə təşkil etdiyi mərasimdə istiqlal şairinin yaradıcılığından nümunələr, şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Mərasimdə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş stend və videosüjet də nümayiş etdirilib.
Qabil YUSİFOĞLU
XQ

