Mədəniyyət naziri Adil Kərimli Özbəkistan nümayəndə heyəti ilə görüşüb

post-img

Məlum olduğu kimi, 13-20 dekabr tarixlərində Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Özbəkistan Respublikası mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədovun rəhbərliyi ilə qardaş ölkənin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 16-da Bahadur Əhmədovla görüşüb.

XQ xəbər verir ki, nümayəndə heyətini səmimi salamlayan nazir Azərbaycanda yenidən Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, ölkəmizdə qardaş özbək xalqının mədəniyyətinə, ədəbiyyatına həmişə böyük maraq və rəğbət olub. Bu bağlılıq xalqlarımızın etnik-mədəni birliyindən, tarixi dostluq və qardaşlığından qaynaqlanır.

Bildirilib ki, iki ölkənin prezidentləri arasında mövcud olan dostluq münasibətləri bütün sahələrdə, o cümlədən mədəni-humanitar sahədə əlaqələrimizin yüksək səviyyəyə çatmasında müstəsna rol oynayır. Bu gün Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı müxtəlif sahələri əhatə edir və ildən-ilə daha da dərinləşir. Son iki ildə təşkil olunan qarşılıqlı mədəniyyət günləri, bədii kollektivlərin qastrol səfərləri, mədəniyyət ocaqları, elmi və yaradıcılıq qurumlarımız arasında geniş əməkdaşlıq əlaqələri məmnunluq doğurur.

Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

öhbət zamanı mədəni əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, dekabrın 15-də Bakıda keçirilən Azərbaycan-Özbəkistan birgə Mədəniyyət Komissiyasının ilk iclasının əhəmiyyəti vurğulanıb. Bu formatın iki ölkənin mədəni əlaqələrində yeni səhifə açacağına əminlik ifadə olunub.











Mədəniyyət