“Güləş Qarabağda” kampaniyası Füzulidə başa çatıb

post-img

Azərbaycan Güləş Federasiyasının (AGF) keçirdiyi “Güləş Qarabağda” kampaniyası başa çatıb.

AGF-nin mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyilə təşkil edilən kampaniyaya Füzuli rayonunda yekun vurulub.

Azərbaycan güləşinin tanınmış simaları bu rayonun IV Qayıdış qəsəbəsində yerləşən güləş zalında yeniyetmə və gənc idmançılarla görüşüblər.

Onlar gələcəyin pəhləvanlarını daim əzmkarlıq nümayiş etdirməyə, mübariz, nizam-intizamlı olmağa və yüksək hədəflərə doğru inamla addımlamağa səsləyiblər. Federasiyanın inventar dəstəyi ilə fəaliyyətini davam etdirən güləş zalının məşqçisi Vüsal Eminov öz növbəsində AGF-yə və titullu güləşçilərə təşəkkürünü bildirib, bu görüşün gənc nəslə böyük motivasiya olduğunu qeyd edib.

Bununla da "Güləş Qarabağda" kampaniyasına yekun vurulub. Kampaniya çərçivəsində nümayəndə heyətinin iştirakı ilə Xankəndi, Laçın, Şuşa və Füzulidə təbliğat-təşviqat xarakterli tədbirlər keçirilib.

Qabil YUSİFOĞLU
XQ

İdman