Bu il Bakı Limanı 100 min TEU konteyner daşıyıb

post-img

Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə 100 min TEU səviyyəsinə çatıb.

XQ xəbər verir ki, Bakı Limanı regionun və Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət və logistika xəritəsində xüsusi strateji mövqe tutur.

Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətə ən təhlükəsiz, rahat, çevik və qısa tranzit marşrutu kimi əhəmiyyətini daha da artırıb. Əgər 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 min 395 TEU konteyner daşınmışdısa, 2024-ci ildə 76 min 775 TEU konteyner daşınıb ki, bu da öz növbəsində 90 faiz və ya 1,9 dəfə artım deməkdir. Limanın ümumi yükaşırma nəticələrində də davamlı artım müşahidə edilir. Əgər Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon 787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7 milyon 547 min tona yüksəlib.

Qeyd edək ki, bu ilin 11 ayında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Orta Dəhliz üzrə 350 blok-qatar qəbul edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz çoxdur. Bakı Limanı regionda “Yaşıl Liman” (“EcoPort”) sertifikatına sahib ilk liman kimi əməliyyatları beynəlxalq ekoloji tələblərə uyğun təşkil edərək Orta Dəhliz üzrə daşımaların dayanıqlığını təmin edir.

İqtisadiyyat