Müasir həyat tərzi qadınları getdikcə daha az hərəkətli edir. Ofis işi, uzun müddət oturaq vəziyyət, məişət qayğıları və texnologiyadan asılılıq fiziki aktivliyin azalmasına səbəb olur. Halbuki gündəlik yerimə, yəni addım atmaq sağlamlığın qorunmasında ən sadə və əlçatan vasitələrdən biridir.
Ümumdünya təcrübəyə əsasən mütəxəssislər bildirirlər ki, sağlam həyat tərzi üçün gündə orta hesabla 7-10 min addım atmaq faydalı sayılır. Bu göstərici qadının yaşından, sağlamlıq vəziyyətindən və fiziki hazırlıq səviyyəsindən asılı olaraq dəyişə bilər. Gənc və orta yaşlı qadınlar üçün gündə 8-10 min addım ürək-damar sisteminin möhkəmlənməsinə, çəkinin nəzarətdə saxlanmasına kömək edir. 50 yaşdan yuxarı qadınlar üçün isə 6-8 min addım belə sağlamlıq baxımından kifayət qədər təsirlidir.
Az hərəkət edən və ya xroniki xəstəlikləri olan qadınlar üçün 3-5 min addımdan başlayaraq tədricən artırmaq tövsiyə olunur. Gündəlik addımlamaqla ürək və damar xəstəlikləri riskini azaltmaq, artıq çəki və piylənmənin qarşısını almaq, sümükləri möhkəmləndirmək, osteoporoz riskini azaltmaq, stresi və gərginliyi azaldaraq əhvali-ruhiyyəni yaxşılaşdırmaq olar. Eyni zamanda addımlamaq hormonal tarazlığın qorunmasına da müsbət təsir göstərir.
Mütəxəssislərin fikrincə, az addım da faydasız deyil. Ən vacib məqam ondan ibarətdir ki, hərəkət tam hərəkətsizlikdən yaxşıdır. Gündə 10 min addım ata bilməyən qadınlar ruhdan düşməməli, lift əvəzinə pilləkəndən istifadə etməli, qısa məsafələri piyada qət etməyə çalışmalıdırlar. Hər əlavə 1000 addım belə sağlamlıq üçün müsbət təsir yaradır.
Bəli, qadınlar üçün sağlamlığın açarlarından biri müntəzəm hərəkətdir. Gündəlik addım sayı rəqəm deyil, həyat keyfiyyətinin göstəricisidir. Öz imkanlarını nəzərə alaraq atılan hər addım daha sağlam, enerjili və aktiv həyata doğru atılmış addımdır.
Nurəngiz ADİLQIZI
XQ

