MEK direktoru Hüseyn Hüseynov İstanbulda beynəlxalq konfransda çıxış edib

post-img

Dekabrın 16-da İstanbul şəhərində keçirilən “Nadir əsərlər. Köklərdən kodlara: nadir əsərlər və süni intellekt” adlı II beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov iştirak edib.

Türkiyənin İbn Haldun, İstanbul və İstanbul Mədəniyyət Universitetlərinin təşkilatçılığı ilə baş tutan konfransda Almaniya, Hindistan, Qazaxıstan, Rumıniya kimi ölkələrdən elm və mədəniyyət xadimlərinin, Türkiyə universitetlərinin nümayəndələrinin, kitabxana rəhbərlərinin iştirakı ilə sessiyalar keçirilib.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov konfransda “Nadir kitablar” fondunun rəqəmsallaşdırılması” mövzusunda məruzə ilə çıxış edib.

O, məruzəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Nadir kitablar fondunun ölkənin ən zəngin məlumat mənbələrindən biri olduğunu vurğulayıb. Burada saxlanılan elmin bütün sahələrinə aid 12 minə yaxın qiymətli əsərlərin dünya elminin inkişafında mühüm mənbə rolunu oynayaraq, tədqiqatçıların yeni faktlar əldə etməsinə imkan yaradan unikal informasiya xəzinəsi olduğunu qeyd edib. 

Çıxışda vurğulanıb ki, MEK-də ən müasir texnologiya vasitəsi ilə kitablar skan edilir, konvertasiya olunur və elektronlaşdırılır, bərpasına ehtiyac duyulan kitabların restavrasiyası diqqət mərkəzində saxlanılır.

Direktor bildirib ki, kitabların rəqəmsallaşdırılması oxucuya qısa zaman kəsiyində kitab, məqalə, foto, xəritə və digər materialları əlçatan edir. Eləcə də nadir və köhnə kitabların elektron versiyasının yaradılması orijinal kitabın zədələnmə, itmə ehtimalı azaldır.

MEK-də həyata keçirilən rəqəmsallaşdırma layihələri, Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi, elektron kataloqlar, beynəlxalq verilənlər bazalarına çıxış imkanları barədə ətraflı məlumat təqdim olunub.

Konfransda, həmçinin rəqəmsal irsin qorunması, maddi-texniki təminat, kitabxana-informasiya sahəsində süni intellektin tətbiqi müzakirə edilib.

Sonda MEK direktoru Hüseyn Hüseynova sertifikat təqdim olunub.

XQ











Elm