Az işləmək faydalıdır?

post-img

Hələ pandemiya dövründən əvvəl tədqiqatçılar və işəgötürənlər az işləməyin daha faydalı olacağını düşünürdülər. Bunun üçün onlar yeni araşdırma ediblər və iş saatının azaldılmasının daha məhsuldar olduğu ortaya çıxıb. Bu yeni araşdırmada 2900 işçi və 61 şirkət iştirak edib. Buna görə də bu tədqiqat öz növünün ən geniş və əhatəli araşdırması olub. Xəbəri “cnn.com” saytı verib.

Tədqiqat Böyük Britaniyada aparılıb və qatılan şirkətlər həftənin dörd günü iş rejiminə keçiblər. “Kembric Universiteti”nin tədqiqatçıları İngiltərədəki 61 şirkət və təşkilatla çalışıblar. İş saatlarını 20 faiz azaldıblar. Araşdırmada restoranlardan tutmuş informasiya texnologiyalarına və maliyyə şirkətlərinə qədər müxtəlif təşkilatlar iştirak edib. Altı aylıq araşdırma nəticəsində həftəlik iş vaxtının azaldılmasının məhsuldarlıq səviyyəsinə mənfi təsir göstərmədiyi müşahidə edilib.

Bildirilib ki, iş saatlarının azaldılması işçilərin rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını göstərib. Bununla belə, işçilər bu sınaq zamanı 71 faiz daha az tükənmişlik və 39 faiz daha az stress yaşayıblar. Bundan əlavə, araşdırmada iştirak edən şirkətlərdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə götürülmüş xəstəlik vərəqələrinin sayında 65 faiz, kadr dəyişikliyində isə 57 faiz əhəmiyyətli azalma müşahidə olunub.

Həftəlik iş vaxtının azaldılması təkcə işçilərə müsbət təsir göstərməyib. Araşdırmaya qatılan şirkətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə orta hesabla gəlirlərini 1,4 faiz artırıblar. Bununla belə, sorğuda iştirak edən şirkətlərin 92 faizi dörd günlük iş qrafikində qalmağı planlaşdırdıqlarını bildirib. 18 şirkət daimi olaraq həftədə dörd günlük plana keçəcəklərini təsdiqləyib. 

Əfsanə ƏHƏDLİ,

"Xalq qəzeti"

Maraqlı