Azərbaycan şahmatı dünya zirvəsində

post-img

Onun sabahı və gələcəyi necə olacaq?

May ayının ilk həftəsində şahmatsevərlər “Baku Open-2025” turnirinin həyəcanını yaşadılar. Yarışda dünyanın güclü oyunçuları ilə yanaşı, aşağı yaş qruplarında yüzlərcə təmsilçimiz də mübarizə aparırdı. Şahmatçılarımızın turnirdə nəticələrini qənaətbəxş saymaq olarmı? Ümidlər özünü doğrultdumu?

İdman ekspertləri bildirirlər ki, “Baku Open”, həm təşkilati, həm də şahmatın kütləviliyi baxımından uğurlu turnir oldu. Yarışda həm yerli, həm də beynəlxalq səviyyədə çox güclü şahmatçılar iştirak etdi. Nəticələrə gəlincə, əlbəttə ki, müəyyən fərdi ümidlər var idi, amma bu cür yüksək səviyyəli yarışlarda əsas məqsəd təcrübə toplamaq, gənc nəsli beynəlxalq turnirlərə hazırlamaqdır. Ümumilikdə, “Baku Open” Azərbaycan şahmatının inkişafı üçün çox vacib idi və buna görə də nəticələri qənaətbəxş hesab edə bilərik.

Müsahibimiz Azərbaycan Şahmat Federasiyasının uşaq və gənclər komissiyasının sədri Fərid Abbasov uşaq şahmatı ilə bağlı “Xalq qəzeti”nin suallarını cavablandırdı.

– Fərid müəllim, Azərbaycanda uşaq şahmatının inkişafı ilə bağlı nə deyə bilərsiniz?

– Son illər uşaq şahmatına marağın yüksəlməsi və istedadlı uşaqların sayının artması sevindirici haldır. Regionlarda getdikcə daha çox turnir təşkil edilir, məktəblərdə şahmat dərsləri bərpa olunur, yeni klublar yaranır. Bu, çox müsbət haldır. Lakin inkişafın davamlı olması üçün həm metodik baza, həm də sistemli məşqçi hazırlığı üzərində daha çox işləməliyik. İstedad var, indi əsas məsələ onları düzgün istiqamətləndirməkdir.

– Qadın şahmatçılarımızdan 5-i hazırda dünya reytinqində ilk 100-lükdə yer alıb. Qızlar arasında reytinqdə isə nəticələr zəifdir. Bu, o demək deyilmi ki, qadın şahmatında da geriləmələr olacaq?

– Hazırda qadınlar arasında 5 şahmatçımızın ilk 100-lükdə olması böyük nailiyyətdir və bu, illərlə görülən işlərin nəticəsidir. Qızlar arasında zəif nəticələr isə qısamüddətli problem kimi qiymətləndirilməlidir. Əsas səbəblərdən biri, yeniyetmə idmançıların karyera və təhsil arasında seçim etməsidir. Bu mərhələdə dəstək sistemi zəif olarsa, istedadlı qızlarımız itirilə bilər. İrəliləyiş olaraq son dövrlərdə keçirilən xüsusi qız turnirlərini, master-klasları və beynəlxalq təcrübə proqramlarını qeyd edə bilərik.

– Kişilərdə ilk 100-lükdə şahmatçılarımızın nəticələri çox zəifləyib. İlk 10-luqda isə xeyli vaxtdır oyunçularımız yer almır. Gənc nəsil şahmatçılarımızı ilk pillələrdə nə vaxt görə biləcəyik?

– Bu, çox real və haqlı müşahidədir. Artıq rəqabət dünya miqyasında çox güclüdür. İlk 10-luğa düşmək üçün təkcə istedad yox, həm də beynəlxalq təcrübə, yüksək səviyyəli hazırlıq və peşəkar idarəetmə lazımdır. Gənc nəsil içərisində çox perspektivli şahmatçılar var və biz onlara 3–5 illik dövrdə bu pillələrə yaxınlaşmağı hədəf qoymuşuq. Bu, həm fərdi hazırlıq, həm də federasiya və məşqçilər birliyinin birgə planlaması ilə mümkündür.

– Aşağı yaş qruplarında perspektivli şahmatçılar yetişirmi? Yeniyetmələrin reytinqində, səhv etmirəmsə, Aydın Süleymanlı ön sıralardadır.

– Bəli, Aydın Süleymanlı artıq dünya səviyyəsində özünü göstərmiş istedadlı bir gəncdir. Onunla yanaşı, çoxlu perspektivli şahmatçılar var. Bəzi adlar mediada az görünür, amma məşqçilər və federasiya bu istedadların arxasınca yaxından izləmə aparır. Məsələn, Xəzər Babazadə, Read Səmədov, Xaqan Əhməd, Rüstəm Rüstəmov, Səadət Bəşirli, Mehriban Əhmədli, Zəhra Əhmədli və digərlərinin adlarını çəkə bilərəm. Əgər bu istedadlar doğru sistemlə irəliləyəcəklərsə, gələcəkdə Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklər.

– Sizcə uşaq şahmatının inkişafını ləngidən səbəblər hansılardır?

– Əsas məsələ – sistemli yanaşmadır. Bizə bütün ölkə üzrə vahid metodika, yaşa uyğun proqramlar və məşqçilər üçün daimi təkmilləşdirmə təlimləri lazımdır. Əlavə olaraq, istedadların erkən yaşda aşkarlanması və onların fərdi inkişaf planı üzrə istiqamətləndirilməsi vacibdir. İnkişafı ləngidən əsas səbəblər arasında regionlarda kadr çatışmazlığı, maliyyə məhdudiyyətləri və valideynlərin kifayət qədər məlumatlı olmamasını göstərə bilərik. Amma bu çətinliklər aradan qaldırıla bilən məsələlərdir və bu istiqamətdə artıq konkret işlər görülür.

Söhbəti apardı:
Leyla QURBANOVA
XQ



Müsahibə