Limitsiz yanacaq mənbəyi tapıldı

post-img

Çindən olan fiziklər şam mumu ilə dəniz suyundan uranın çıxarılması üsulunu hazırlamağa nail olublar. Bu texnologiya nüvə yanacağının faktiki olaraq sonsuz ehtiyatlarından istifadə istiqamətində bir addım ola bilər. “Onlinelibrary.wiley.com” saytının məlumatına görə, Çin alimlərinin araşdırmaları bəşəriyyəti minlərlə il ərzində nüvə enerjisi ilə təmin edə biləcək mexanizmin olduğunu göstərir.

Uran atom elektrik stansiyalarının fəaliyyəti üçün əsas elementdir. Lakin onun qurudakı ehtiyatları məhduddur. Son məlumatlara görə, hazırda dünyada uran istehlakı 100 il davam edəcək. Lakin okeanlarda təxminən 4,5 milyard ton uran var ki, bu da bir neçə minilliklər boyu bəşəriyyəti enerji ilə təmin edə bilər. Amma burada problem də var: dəniz suyunda uranın az konsentrasiyası onun çıxarılmasını mürəkkəb və bahalı əməliyyata çevirir. 

Ümumiyyətlə, dəniz suyundan uranın çıxarılması uzunmüddətli nüvə yanacağını təmin edə biləcək perspektivli texnologiyadır. Tədqiqatlar ABŞ, Yaponiya və Çində aparılır. Adsorbentlərin maya dəyərinin azaldılması və onların səmərəliliyinin artırılması yaxın onilliklərdə bu üsulu qənaətcil edə bilər. Quruda yerləşən uran yataqlarından fərqli olaraq, dəniz suyu geokimyəvi proseslər vasitəsilə daim yenilənir və onu bərpa olunan mənbəyə çevirir. Bu, xüsusilə öz ərazisində böyük uran ehtiyatlarına malik olmayan ölkələr üçün daha aktualdır. Dəniz suyundan uranın çıxarılması bu strateji əhəmiyyətli elementin idxalından asılılığı azalda bilər.

Mövcud problemlərə baxmayaraq, dəniz suyundan uranın çıxarılması perspektivli tədqiqat sahəsi olaraq qalır. Yeni texnologiyaların və materialların inkişafı bu prosesi iqtisadi cəhətdən mümkün edə bilər. Bu inkişaflar elmin yerində dayanmadığını və gələcəkdə dəniz suyundan uranın çıxarılmasının iqtisadi cəhətdən sərfəli yolunun tapıla biləcəyini göstərir.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı