Dünya 2008-ci il böhranının təkrarlanacağından narahatdır

post-img

Artıq bir həftədən çoxdur ki, dünyanın maliyyə sistemində narahatlıq yaşanır. “Kommersant” qəzeti martın 13-də Amerikanın Silikon Vadisi Bankının (SVB) müflis olmasının ABŞ-ın daxili siyasətində ciddi dəyişikliklərə səbəb olduğunu yazır. Nəşr, eyni zamanda, Prezident Co Baydenin SVB-nin iflası fonunda yaranan bank böhranını həll etmək üçün bütün lazımi tədbirləri görəcəyinə söz verdiyini diqqətə çatdırır, Donald Trampın ölkəyə rəhbərliyi dövründə qismən zəifləmiş bank tənzimlənməsini sərtləşdirməyə söz verdiyini bildirir. 

Prezident Co Bayden bütün bu vədləri Amerika ilə yanaşı, Avropa banklarında səhmlərinin düşməsi fonunda xatırladır və dövlət başçısı yaranan gərginliyin kö­kündə bir az əvvəl xatırlatdığımız kimi, keçmiş dövlət başçısı Donald Trampın vaxtilə müvafiq qərarlarının ölkənin bank sisteminə mənfi təsirinin dayandığını göstərir. 

Təbii ki, burada söhbət Donald Tram­pın günahlandırılması onun bank siste­minə yönələn sərt nəzarət tədbiri–təsnifat həddinin 50 milyard dollardan 250 mil­yard dollara qaldırılması ilə əlaqələndirilir. Hazırda Amerikada 2018-ci ilin mayında edilən bu düzəlişə yenidən baxılacağı göstərilir. 

Ekspertlər tərəfindən SVB-nin iflasına səbəb olan məqamlarla bağlı yuxarıda vurğulanan məsələ ilə yanaşı, böhranlı vəzəyyəti həm də ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) yürütdüyü sərt pul-kre­dit siyasəti sayəsində dövlət istiqrazları və ipoteka kağızlarına irihəcmli yatırımla­rın reallaşdırılmasının, bununla da həmin kağızların gəlirliliyinin kəskin azalmasının da doğurduğu, nəticədə adıçəkilən ban­kın müştərilərə cari xidmət üçün vəsait çatışmazlığı ilə üzləşdiyi deyilir. Həmçinin bu problem barədə məlumat banka de­pozit yerləşdirən fiziki və hüquqi şəxslərə çatdıqdan sonra onların sürətlə pullarını geri çəkməyə başladıqdan sonra böhra­nın daha da dərinləşdiyi, beləliklə, SVB müştərilərinin tələblərini ödəmək üçün likvid vəsait tapa bilmədiyi üzündən iflasa uğradığı xatırladılır. 

ABŞ-da nüfuzlu maliyyəçi, maliyyə nazirinin keçmiş köməkçisi Pol Kreyq Ro­berts hesab edir ki, ABŞ-ın 5 ən böyük bankından ikisinin çökməsi ÜDM-nin itiril­məsi riskini yaradır. Federal Ehtiyat Sis­temi isə yüksək faiz dərəcəsini azaltmalı olacaq, çünki bu, böyük miqyasda çök­məyə gətirib çıxarır. FED bankları xilas etmək üçün dolların dəyərini aşağı salır. Banklar da aktivlərini satmalı olacaqlar. Bu da qiymətli kağızların daha da ucuz­laşmasına səbəb olacaq.

Onu da qeyd edək ki, iki gün ərzində müflis olan SVB artıq Federal Əmanət­lərin Sığortalanması Korporasiyasının nəzarətinə keçib. Prezident Co Bayden SVB-nin müflis olmasında əli olan hər kəsi cəzalandıracağına söz verib. 

Yeri gəlmişkən, ABŞ Prezidenti çıxı­şında SVB kimi nəhəng kredit təşkilatı­nın bütün əmanətçilərinin öz vəsaitlərini alacaqları, heç nə itirməyəcəklərini də bildirib. Xatırladaq ki, “Kommersant”in məqaləsində mövcud problemin ABŞ ha­kimiyyəti tərəfindən cəmi bir neçə saat ərzində həll edildiyi də diqqətə çatdırılıb. 

Lakin buna baxmayaraq, ABŞ-ın ma­liyyə sektorunda müşahidə olunan ciddi narahatlıq dünya xammal bazarların­da təlatümə gətirib çıxarıb, qiymətlərin düşməsini şərtləndirib. Məsələn, martın 16-da Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,5 dol­lardan çox ucuzlaşaraq 78,4 dollara, WTI neftinin qiyməti isə 72,3 dollara düşüb. “Comex” birjasında isə böhran dövrlərin­də ən etibarlı yatırım ünvanı hesab edilən qızılın qiyməti sürətlə artaraq 1 unsiya üçün 1900 dolları keçib.

Bu arada dünya mediası ABŞ-ın “Si­licon Valley Bank” və “Signature Bank”ı­nın bağlandıqdan sonra bütün dünyanın bank-maliyyə, qiymətli kağızlar və fond bazarları sektorlarında ciddi təlatümlər yaşandığını, əsasən, kriptoşirkətlərə xid­mət göstərən sonuncu bankın bağlan­masına səbəb kimi sistem risklərinin art­masının göstərildiyini qeyd edib. Media bütün bunlardan sonra isə İsveçrənin ən böyük bankı olan “Credit Suisse”nin də çökdüyünü, bu görə də adıçəkilən ma­liyyə qurumunun İsveçrə Milli Bankından 50 milyard İsveçrə frankı (təxminən 53,7 milyard dollar) borc alacağını bildirib.

Bütün bu ciddi narahatlıqlara baxma­yaraq, ekspertlər tərəfindən görülən təd­birlər nəticəsində ABŞ-ın onillik kağızların tezliklə illik 4 faizlik gəlir həddini bərpa edəcəyini proqnozlaşdırılır.

Qeyd olunan bank çökmələri barədə fikir bildirən rusiyalı maliyyəçi Valeri Piven mətbuata açıqlamasında bildirib ki, əgər bu hadisələrə qədər ABŞ Federal Ehtiyat Sistemi əsas uçot dərəcəsinin sistemli şə­kildə artırılması üçün əvvəllər seçdiyi kur­su saxlamaq niyyətində idisə, indi tənzim­ləyici pul siyasətini 180 dərəcə çevirmək imkanını ciddi şəkildə nəzərdən keçirir.

V.Piven daha sonra deyib ki, ABŞ rəh­bərliyi yenidən maliyyələşdirmə dərəcə­sini aşağı salmağa başlasa, bu, əks təsir göstərəcək. Başqa sözlə, belə bir tən­zimləmə ABŞ-da bir neçə ay əvvəl qəbul edilən inflyasiyanın azaldılması strategi­yasına zidd olacaq və bununla həm ABŞ, həm də bütün dünya yenidən 2008-ci ildə başlayan böhrana bənzər bir durumla qarşılaşacaq. 

İndi burada belə sual qarşıya çıxır: ABŞ və digər ölkələrdə baş verən bank if­lası, maliyyə çökməsi Azərbaycana təsir­siz ötüşə bilərmi? Mütəxəssislər bildirirlər ki, belə bir halın ölkəmizdə yaşanması inandırıcı görünmür. Əvvəla ona görə ki, respublikamızda bank sistemi ABŞ-n bank sisteminə inteqrasiya olunmayıb. Lakin narahatlıq FED-in faiz siyasəti nəti­cəsində dövlət qiymətli kağızları və səhm bazarlarındakı enişlərin yaranacağı ilə bağlıdır. 

Belə ki, neftdən gələn gəlirlər Döv­lət Neft Fonduna məhz dövlət qiymətli kağızları və səhmləri şəkilində toplanıb. Hesabat dövründə – 2022-ci ildə adıçə­kilən fond bu irihəcmli vəsaitdən 3 milyard dollara yaxın zərər edib. Mütəxəssislət tərəfindən fond bazarlarında dəyərsizləş­mənin yenidən başlanacağı təqdirdə Neft Fondunun da ciddi zərərlə üzləşə biləcəyi bildirilib. 

Bununla yanaşı, mütəxəssislər dün­yanın maliyyə sistemində nəzərə çar­pan narahatlığın məzənnə dəyişikliyinə, Azərbaycan valyutasının dollara nisbə­tində hansısa problem yaşanacağına gə­tirib çıxaracağına inanmırlar. Onlar bunu Azərbaycanın kifayət qədər dollar ehtiya­tının olması və Mərkəzi Bankın prosesə tam intervensiya imkanları baxımından yanaşılması və nəhayət, məzənnənin qorunmasının diqqətdə saxlanılması ilə əlaqələndirirlər.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

İqtisadiyyat