İslam Korporasiyası özəl sektora dəstəyini davam etdirir

post-img

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının fəaliyyətində ölkəmizdə dağ-mədən sənayesi, tikinti, sement istehsalı, pambıqçılıq və sənayenin digər sahələrində strateji investisiya imkanlarının araşdırılmasına hər zaman xüsusi önəm verilib. Qurumun baş investisiya direktoru Baa Aldin Yəhya Kirimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı da bu məsələ diqqət mərkəzində saxlanılıb.

Hazırda korporasiyanın fəaliyyətində yod hasilatı, Günəş enerjisi, dayanıqlı tikinti və kənd təsərrüfatı məhsullarının emalı kimi sahələrdə birgə investisiyalar potensialına xüsusi diqqət yetirilir. Bundan məqsəd isə kiçik və orta sahibkarlığı dəstəkləmək, özəl sektoru inkişaf etdirmək və bütün ölkə üzrə iqtisadi artımı stimullaşdırmaqdır.

Qeyd edək ki, respublikamızın iqtisadi inkişaf strategiyasında özəl sektorun gücləndirilməsi və diversifikasiya hazırda əsas prioritetlərdən biri olaraq qalır. Bu istiqamətdə ölkə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa xüsusi önəm verir. Həmin qurumlardan biri də İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasıdır. 1999-cu ildə yaradılan bu qurumun əsas məqsədi üzv ölkələrdə özəl sektorun inkişafına dəstək vermək, investisiyaların cəlbi və İslam maliyyə alətlərinin tətbiqini təşviq etməkdir.

Azərbaycanla sözügedən korporasiya arasında əməkdaşlıq 2000-ci illərin əvvəllərindən başlayıb və indiyədək bir neçə mühüm layihəni əhatə edib. Korporasiya Azərbaycanda əsasən kiçik və orta sahibkarlığın inkişafı, İslam maliyyə institutlarının yaradılması və yerli bank sektoruna kapital yatırımı vasitəsilə fəaliyyət göstərib.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən Azərbaycanın müxtəlif maliyyə institutlarına ayrılan resurslar xüsusilə kiçik və orta sahibkarlıq sektoruna yönəlib. Məsələn, bir neçə yerli bank sözügedən korporasiyası ilə əməkdaşlıq çərçivəsində İslam maliyyə prinsiplərinə uyğun kredit məhsulları təqdim etməyə başlayıb. Bu isə regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirib və qeyri-neft sektorunun canlanmasına şərait yaradıb.

2020-ci ildən sonra korporasiya ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və bu ərazilərdə sahibkarlığın inkişafı gündəmə gəldikcə, haqqında danışılan qurum bu istiqamətdə də dəstəyini təklif edib. Xüsusilə halal turizm, aqrar sənaye və logistika sahələrində investisiya təşəbbüsləri aktuallaşıb.

Bununla yanaşı, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Azərbaycanın İslam maliyyəsi sisteminə inteqrasiyası baxımından da mühüm tərəfdaş hesab olunur. Bu sahədə potensial böyükdür: İslam bankçılığı, sukuk (İslam istiqrazları) və digər alternativ maliyyə alətləri həm xarici investisiyaların cəlbinə, həm də yerli maliyyə sektorunun dərinləşməsinə xidmət edə bilər.

Nəticə etibarilə, korporasiya ilə əməkdaşlıq Azərbaycanın iqtisadiyyatında özəl sektorun dayanıqlı inkişafı, maliyyə alətlərinin şaxələndirilməsi və beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm rol oynayır. Gələcəkdə bu əməkdaşlığın genişlənməsi, xüsusən də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, eləcə də rəqəmsal iqtisadiyyat sahələrində yeni layihələrin reallaşması gözlənilir.

 

İqtisadiyyat