Sağlam rəqabətə “yaşıl” işıq

post-img

2025-ci ilin birinci rübündə Azərbaycanda bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 59 müraciətə baxılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,5 faiz artım deməkdir. Əvvəlki ilin eyni dövründə bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 40 müraciətə baxılıb. Bu barədə XQ-yə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ölkədə rəqabət mədəniyyətinin mövcud olduğu mühitdə şirkətlər bazar payı əldə etmək üçün keyfiyyətin artırılması, innovativ yanaşmaların tətbiqi və istehlakçı məmnuniyyətinin yüksəldilməsi kimi müsbət həllərə üstünlük verirlər. Bu isə haqsız rəqabət hallarının qarşısını almaqla yanaşı, ədalətli və şəffaf bazar mühitinin təmin olunmasına şərait yaradır.

Qeyd edək ki, haqsız rəqabət dedikdə, bazarda fəaliyyət göstərən sahibkarların (şirkətlərin və ya fərdi sahibkarların) rəqiblərinə qarşı qanunsuz və ədalətsiz metodlarla üstünlük əldə etməyə çalışmasıdır. Bu kimi hallara isə başqa bir şirkətin məhsulunu və ya brendini təqlid etmək, yalan reklam vermək, saxta endirim kampaniyaları keçirmək, rəqib şirkət barədə yanlış və zərərli məlumat yaymaq və sair məlumatlar aid edilə bilər.

 

İqtisadiyyat